Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynaya uzaqmənzilli silahlar vermir.
Azreform.info xəbər verir ki, bu barədə Kiyevdəki mənbələr "The Guardian"a bildirib.
Onların fikrincə, leyboristlər hakimiyyətə gələndən sonra Londonla münasibətlər pisləşib.
"Starmer bizə uzaq mənzilli silahlar vermir. Vəziyyət Rişi Sunakın baş nazir olduğu vaxtdan fərqlidir. Münasibətlər pisləşib", deyə Britaniya qəzetinin mənbəsi bildirib.
Kir Starmer bu həftə Macarıstanda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. O, Kiyevə sarsılmaz dəstəyini bəyan edib. "The Guardian" yazır ki, Kiyev rəsmiləri görüşün nəticəsində raketlərlə bağlı irəliləyişin olmamasından şikayətləniblər.
Britaniya qəzetinin yazdığına görə, Starmerin Ukraynaya mümkün səfəri avqust ayından müzakirə olunsa da, o, səfəri bir neçə dəfə təxirə salıb. "Onun turist kimi gəlməsinin mənası yoxdur. Hazırda zəruri qərarlar verməyə hazır deyil", deyə nəşrin həmsöhbəti əlavə edib.
Ukrayna Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərinin istifadəsini sonuncu dəfə oktyabrın əvvəlində, ondan əvvəl isə martda elan edib. Böyük Britaniyanın baş nazirinin ofisi əmin edib ki, London Ukraynaya yardımı davam etdirmək niyyətindədir. Onlar qeyd ediblər ki, Zelenski və Starmer iyuldan bəri altı dəfə görüşüblər.(qaynarinfo)