Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin daimi diqqətinizi xüsusi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası nəticəsində iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlıq getdikcə inkişaf edir, energetika, sənaye, gəmiqayırma və logistika sahələri üzrə perspektivli birgə layihələr həyata keçirilir. Regionlararası əlaqələr və işgüzar münasibətlər genişlənir.
Əminəm ki, əməkdaşlığın daha da dərinləşməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin irəli sürülməsi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam şəkildə cavab verir.
Sizinlə Moskvada və Bakıda görüşlərimizi böyük məmnunluqla xatırlayıram. Açıq ünsiyyətimizi davam etdirməkdən şad olacağam.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".