Putinin qəzəbinə tuş gələn rusiyalı biznesmen

22
Dek
2023
20:07

Bu gün Vladimir Putin Rusiyanın ən böyük avtomobil dilerlərindən biri olan “Rolf” şirkətinin aktivlərinin Əmlakın İdarə Edilməsi Üzrə Federal Agentliyinin müvəqqəti idarəçiliyinə verilməsi haqqında fərman imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyada anti-sanksiya çərçivəsində qəbul olunmuş yeni qanunlar Putinə istənilən özəl biznes qurumunu milliləşdirməyə imkan verir.

“Rolf” bu mənada Kremlin ilk qurbanına çevrilib.

Şirkətin təsisçisi və Dövlət Dumasının keçmiş deputatı Sergey Petrov hazırda Avstriyada yaşadığını söyləyib. Onun fikrincə, bütün bu proses (biznesmenlərin əmlaklarının əlindən alınması) dövləti məhvə doğru aparır.

Qeyd edək ki, 2019-cu ildə Petrova qarşı xaricə 4 milyard rubla yaxın pul köçürməsinə görə cinayət işi açılıb. Sergey Petrov Rusiya hakimiyyəti haqqında tənqidi açıqlamaları ilə tanınır. O, Dövlət Dumasının deputatı olarkən “Dima Yakovlev qanunu”, “Yarovaya paketi” kimi mürtəce qanunların əleyhinə səs verib və Krımın işğalı ilə bağlı keçirilən səsvermədə iştirak etməyib. Bundan əlavə, iş adamı müxalif siyasətçi Aleksey Navalnının fəaliyyətini maliyyələşdirib.