Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı səkkizə çatıb

22
Dek
2023
13:35

Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb.

O, bu barədə “Report”a açıqlamasında məlumat verib.

F.Yusifov öz təşəbbüsü ilə Prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib: “Qoy bu seçkini baykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini baykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər. Biz bu seçkilərə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhvə verə bilmək üçün gedirik. Biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkirli “siyasilərin” Prezident seçkilərinə qara yaxmaq istəyənə fevralın 7-də keçiriləcək Zəfər seçkilərinə bir nəfər kimi qatılmaqla cavab verəcək”.

Keçmiş nazir namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərini bir qədər sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb.