Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbin qapılarını bağlayıb şagirdləri içəridə qoyub getmələri ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
Bu barədə Azreform.info -a 89 saylı məktəbdən məlumat verilib.
"Oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir", - məlumatda vurğulanıb.
Təhsil müəssisəsindən bildirilib ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisənin baş verdiyi iddia olunub. Qəsəbə sakininin paylaşdığı videoya əsasən, axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər qapıları bağlayaraq məktəb binasını tərk ediblər. Bu səbəbdən bəzi şagirdlər bir müddət içəridə qalmalı olublar.
***
Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər tələsik məktəbi tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər gec saatlara qədər içəridə qalıblar.
Azreform.info xəbər verir ki, bu barədə "Bakupost.az"a hadisənin şahidi olan qəsəbə sakini bildirib.
Baş verənlərlə bağlı videogörüntünü redaksiyaya təqdim edən sakinin sözlərinə görə, 89 saylı məktəbdə sinif otaqlarının sayı az olduğu üçün ikinövbəli dərs sistemi tətbiq olunur:
"İkinci nöbvənin dərsləri saat 13.00-da başlayırdı. Hazırda dərslər bir saat gec - saat 14.00-da başlayır. Saat 18.50-də dərslər bitir. Mən saat 19.00-da məktəbin yaxınlığıdan keçirdim. Orada olanda müşahidə etdim ki, on dəqiqə ərzində müəllimlər, digər işçilər qapıları bağlayıb, məktəbi tərk ediblər. Ancaq bəzi uşaqlar içəridə qalıblar. İşıqlandırma sistemi yoxdur, hər tərəf tamamilə qaranlıqdır. Uşaqlar məktəbin hasarından düşürdülər. Soruşuram, bala, burda neynirsiz. Deyirlər, bizi içəridə qoyub gediblər. Yəni məktəbdə bu dərəcədə intizamsızlıq var. Bunun bir səbəbi də sinif çatışmazlığıdır".