ABŞ sanksiyaları Rusiyanın ən böyük maye qaz layihəsini dayandırdı

21
Dek
2023
22:28

Rusiyanın NOVATEK şirkəti “Arctic LNG 2” layihəsində fors-major vəziyyət elan edib.

Azreform.info xəbər verir ki, şirkət bunu ABŞ sanksiyalarının layihəyə mənfi təsiri ilə əsaslandırıb.

NOVATEK “Arctic LNG 2” layihəsindən mayeləşdirilmiş təbii qazın (LNG) bəzi alıcılarına ABŞ-ın sanksiyalarının tədarükün başlanması müddətinə mənfi təsir etməsi barədə xəbərdarlıq göndərib.

Qeyd edək ki, ABŞ bu ilin noyabrında “Arctic LNG 2”-yə qarşı sanksiyalar tətbiq edib. Bu zaman əvvəllər Murmansk və Kamçatkada mayeləşdirilmiş təbii qazın (LNG) ötürülməsi terminallarına sahib olan “Arctic Transshipment” MMC-yə, eləcə də layihə podratçılara qarşı sanksiyalar tətbiq edilib.

Dekabrın 12-də məlum olub ki, ABŞ neft və qaz emalı texnologiyaları üzrə ixtisaslaşmış Rusiya mühəndislik şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu isə layihənin texnoloji tələblərinin qarşılanmasına imkan vermir.

“Arctic LNG 2” layihəsi LNG modullarının quraşdırıldığı qravitasiya tipli özüllərdə hər birinin gücü ildə 6,6 milyon ton olan mayeləşdirilmiş təbii qazın istehsalı üçün üç mərhələnin tikintisini nəzərdə tutur. NOVATEK birinci mərhələni 2023-cü ilin sonuna qədər işə salmağı və 2024-cü ilin birinci rübündə tam gücə çatmağı planlaşdırırdı. İkinci xəttin 2024-cü ildə, üçüncü xəttin isə 2026-cı ildə işə salınması nəzərdə tutulmuşdu.

NOVATEK, Arctic LNG 2-də 60 faiz paya sahibdir. Qalan səhmdarların - Fransanın TotalEnergies, Çinin CNPC və CNOOC şirkətləri, eləcə də Yaponiyanın Mitsui və JOGMEC konsorsiumunun hər birinin 10 faiz payı var.