Texnologiya günümüzün ayrılmaz bir parçasına çevrilib. Vaxtımızın çoxunu komputer və telefon ekranlarına baxaraq keçiririk. Bu isə sağlamlığımıza, əsasən də gözlərimizə mənfi təsir göstərir. Rəqəmsal əsrdə göz yorğunluğu bir çox insanlar üçün ümumi problemə çevrilib. Kompüter ekranlarına, mobil cihazlara və digər rəqəmsal displeylərə sərf etdiyimiz saatlar gözlərimizin bulanıq görməsinə və ağrımasına səbəb olur.
Azreform.info Sfera.az-a istinadən bildirir ki, iş saatlarında göz yorğunluğunu azaltmaq üçün bəzi praktik məsləhətlərə riayət etmək lazımdır. Bu yorğunluğu aradan qaldırmağın ən sadə və təsirli üsullarından biri 20-20-20 qaydasına riayət etməkdir. Hər 20 dəqiqədən bir 20 saniyəlik fasilə verərək 20 fut (təxmini 6-7 metr aralığındakı məsafə) uzaqlıqdakı bir əşyaya baxmaq lazımdır. Yanlış displey parametrləri göz yorğunluğuna səbəb olan əsas faktorlardan biridir.
Yorğunluğu azaltmaq üçün komputer ekranının parlaqlığını və kontrastını iş yerindəki işıqlandırmaya uyğunlaşdırmaq lazımdır. Çox parlaq və ya tutqun ekranlardan istifadə etmək məsləhət görülmür.
Bir çox cihazlarda mavi işığın təsirini azaldan "mavi işıq filtri" və ya "gecə rejimi" var. Bu parametr axşamlar xüsusilə faydalıdır, çünki yorğunluğu azaldır və daha yaxşı yuxuya kömək edir.
İnsanlar ekrana fokuslandıqda daha az göz qırpırlar. Lakin ekrana baxarkən tez-tez göz qırpmaq lazımdır. Bu, gözün quruluğunun aradan qalxmasına səbəb olur. Göz yorğunluğunu azaltmaq üçün ekran vaxtına müntəzəm fasilələr vermək vacibdir.
Hər saatda 5-10 dəqiqə kompüterdən uzaqlaşmaq lazımdır. Həmin müddətdə sadə göz məşqləri də etmək məsləhət görülür.