"Bu gün sivil dünya üçün vacib sayılan dəyərlər sistemi artıq böhran içərisindədir. Bütün dəyərlər və prinsiplər dəyərsizləşir. Dünya sanki “cəngəllik qanunları” ilə idarə olunan bir reallığa qədəm qoyur. Bütün bu bu böhranlar isə özlərini beynəlxalq hüququn aliliyinin, demokratiyanın "müdafiəçisi" hesab edən müstəmləkəçi dövlətlərin yürütdüyü siyasətin nəticəsində baş verir. Nəticədə demokratiya sivil dünyanın təqdim etdiyi mənada insan azadlıqları və hüquqları kimi ideyalar arxa plana keçir. Bu ölkələr məqsədlərini həyata keçirmək üçünsə beynəlxalq təsisatlardan bir təzyiq vasitəsi kimi istifadə edirlər".
Bunu Azreform.info -a açıqlamasında deputat Kamran Bayramov deyib.
Deputat təəssüflə qeyd edib ki, bu ölkələr Azərbaycana qarşı da belə çirkin oyunlardan istifadə edirlər: "Azərbaycanın uğurlara imza atıb beynəlxalq aləmdə nüfuzu artaraq qlobal geosiyasi proseslərdə ciddi aktora çevrilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı və səsləndirdiyi fikirlər Azərbaycanın durmadan artan beynəlxalq nüfuzunun və əhəmiyyətinin, ölkəmizə olan böyük marağın danılmaz bir sübutudur. Bu gün Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda Avrasiya məkanında ciddi qarşıdurma ilə müşaiyət olunan geosiyasi proseslərdə Qərblə Şərq arasında ciddi bir əlaqələndirici ölkə rolunda çıxış edir. Əgər belə demək mümkünsə Azərbaycan Avrasiya coğrafiyasında geosiyasi böhranın dərinləşməsinin qarşısının alınmasında bir növ sabitləşdirici rolunda çıxış edir. Bu isə ancaq və ancaq cənab Prezident İlham Əliyevin mahir diplomatik gedişləri nəticəsində mümkün olur. Azərbaycanın bu uğurları da təbii ki, anti-Azərbaycan güclər qısqanclığına səbəb olur və nəticədə ölkəmizə qarşı hər cür çirkin əməllərə əl atırlar".
O əlavə edib ki, erməni lobbisinin təsiri altında olan siyasi qüvvələr və ölkələr Azərbaycanın nüfuzuna xələl gətirmək üçün nəzarətlərində olan təlxəkləri səhnəyə çıxarırlar. "Bunlardan biri də AŞPA-nın almaniyalı üzvü Frank Şvabedir. Bu şəxs yenidən səhnəyə çıxaraq öz ampulasında “arqumentləri” ilə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. O bu dəfə “siyasi məhbus” kimi “çürümüş” məsələləri yenidən gündəmə gətirməklə anti-azərbaycan güclərin planlarını həyata keçirməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda heç kim öz siyasi mövqeyinə görə təqib olunmur. Azərbaycanda siyasi plüralizm, söz və fikir azadlığı hökm sürür. Odur ki, Şvabe kimilərin və yaxud AŞPA-nın Azərbaycanla bu cür şantaj və təhdid dili ilə danışması qeyri-mümkündür. Bu gün əslində AŞ, AŞPA, ATƏT və digər Avropa strukturları hansısa qüvvələrin əlində alət olmaqla öz olan-qalan imiclərinə ciddi xələl gətirməklə nüfuzlarını tamamilə itiriblər. Artıq onlar dünyadakı heç bir prosesə və ölkəyə təsir imkanları yoxdur. Bu təşkilatların Azərbaycanın bu gün beynəlxalq aləmdə oynadığı rolu təqdir edib dəstək vermək əvəzinə Şvabe kimilərin əli ilə əleyhinə çıxış etməsi ilk növbədə təmsil etdikləri Avropanın ziyanına işləyir. Bir də Şvabe kimi primitiv “siyasətçilərin” Azərbaycan Prezidentinin fikirlərini şərh etmək bacara biləcəyi bir iş deyil.
Belə metodlarla Azərbaycan təzyiq etmək mənasızdır və yersizdir. Nə də bu cür metodlardan istifadə etməklə Azərbaycana təzyiq etmək qeyri-mümkündür.
Onlar bilməlidirlər ki, Azərbaycan ona qarşı istənilən hadisəyə cavab vermək iqtidarındadır. Azərbaycan da öz növbəsində AŞPA-ya qarşı haqlı şərtlər irəli sürür və adekvat addımlar atır. Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş AŞPA-nın 70-dən artıq üzvü ölkəmizə qarşı bu qərəzli mövqelərinin nə ilə nəticələnəcəyini dərk etməli idilər. Şvabe kimilər də bunun necə nəticələnəcəyini düşünsə yaxşı olar. Son olaraq bir gözəl zərb-məsəl var, deyərlər: "Çax-çax baş ağrıdar, dəyirmansa öz işindədir". Bunlar da həmin çax-çax daşına bənzərlər. Bu yolda nəinki alət rolunda çıxış edən Şvabe kimi siyasi təlxəklər, hətta onların ağaları Azərbaycanı yolundan döndərə bilməz, əksinə daha ciddi uğurlara imza atmaqla düşmənlərini, istəməyənlərini məyus edəcək".
Mürtəza
Azreform.info