"Azərbaycan hökuməti COP29-un təşkili və onun uğurlu nəticəsini təmin etmək üçün çox çalışır və bu konfransdan iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləyirlər".
Azreform.info xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Frensis BMT-nin Nyu-Yorkdakı qərargah binasında "Report"un ABŞ bürosunun sualına cavabında deyib.
D.Frensis prezidentliyi ərzində Azərbaycanda COP29 komandası ilə görüşdüyünü və hazırlıqları yaxından izlədiyini bildirib.
O əlavə edib ki, COP29-dan ən çox gözlənilən iqlim böhranının qarşısının alınması üçün maliyyə vəsaitlərinin artmasıdır:
"İqlim böhranının həlli narahatedici bir məsələ olaraq qalır. Maliyyə vəsaitləri artırılmalıdır. Biz keçən il COP28-də itki və zərər fondunun yaradılmasını alqışladıq. Bu, həqiqətən düzgün addım idi, bir neçə dövlət, o cümlədən ABŞ, Avropanın bəzi ölkələri və BƏƏ bu fəaliyyətləri dəstəklədi. Aydındır ki, fondun dirçəldilməsinə əhəmiyyətli dərəcədə ehtiyacı var, çünki itkilər və zərərlər ildən-ilə artmaqda davam edir. Biz islahatların aparılması üçün tələb olunan maliyyə vəsaiti olmadan iqlim dəyişikliyi ilə bağlı irəliləyişə nail ola bilmərik".