Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azreform.info a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.
MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.
Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.