Yürüdülən uğurlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu, etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik sisteminə, sivilizasiyalararası dialoqun inkişafına, sülhün və qarşılıqlı faydalığa əsaslanan regional əməkdalıq formatlarının yaranmasına ciddi töhfə verən dövlət kimi tanınır.
Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına, sabitliyinə mühüm töhfələr verir. Azərbaycanın yürütdüyü fəal xarici siyasəti, davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirib. Yürüdülən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan təkcə özünün deyil, bütövlükdə beynəlxalq aləmi narahat edən məsələlərin dialoq mərkəzinə çevrilib. Azərbaycan bütün bu uğurlara cənab Prezident İlham Əliyevin son 20 ildə ölkəyə rəhbərlik etdiyi müddət ərzində yürütdüyü uzaqgörən, qətiyyətli, məqsədlərə xidmət edən və qlobal çağırışlara zamanında çevik siyasət nəticəsində imza atıb. Bünövrəsi Ulu öndər tərəfindən qoyulan və həmin siyasətin cənab prezident İlham Əliyev tərəfindən uğurla icra olunması hesabına Azərbaycan son iki yüz ildən artıq müddətdə şahidi olmadığı uğurlara, qələbələrə, zəfərlərə imza atmaqdadır.
Cənab Prezidentin yürtüdüyü bu uğurlara rəhbərlik etdiyi komanda ilə birlikdə imza atıb.
Təbii ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyasının uğurla həyata keçirilməsinə parlament diplomatiyasının da töhfəsi olub. Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq əlaqələrinin inkişafında parlament diplomatiyasının rolu danılmazdır. Çünki müasir dünyada qloballaşma proseslərinin intensivləşməsi nəticəsində ənənəvi diplomatiyadan fərqlənən yeni diplomatiya formaları beynəlxalq siyasətdə getdikcə daha mühüm rol oynamağa başlayır. Yaranan yeni reallıqlarda parlament diplomatiyasının rolu getdikcə artmaqdadır və hər bir ölkədə parlament diplomatiyasının yaratdığı bu imkanlardan maksimum faydalanmağa çalışır.
Bu gün parlament diplomatiyasının məqsədi yalnız beynəlxalq münasibətlərin qanunvericilik bazasının formalaşdırılması deyil, həm də dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır. Bütün bunları nəzərə alaraq əminliklə qeyd etmək olar ki, Milli Məclis cənab Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyasının uğurla həyata keçirilməsində üzərinə düşən vəzifəni layiqincə icra etməyə çalışıb.
Bu gün Milli Məclis Azərbaycanın xarici siyasətinin uğurla icra olunması məqsədi ilə dünyada fəaliyyət göstərən beynəlxalq və regional parlament təşkilatlarında təmsil olunur və onun işində aktiv iştirak edirlər. Bununla yanaşı dünyanın 100-dən artıq ölkəsi ilə parlamentlərarası dostluq qrupu yaradılıb və fəaliyyət göstərir. Parlament bu platformaların imkanlarından faydalanmaqla Azərbaycanın milli maraqlarına uyğun olaraq xarici siyasətinin mahiyyətini, ölkəmizin üzləşdiyi problemlərini, qarşısında duran çağırışların həlli ilə bağlı mövqeyini, haqq səsini beynəlxalq aləmin diqqətinə çatdırırlar. Azərbaycan parlament diplomatiyası vasitəsi ilə həm xarici siyasi strateji kursun, həm də informasiya diplomatiysı baxımdan qarşısında duran hədəflərə nail olur. Parlament diplomatiyasının Azərbaycanın xarici siyasi strateji kursunun və informasiya siyasətində əldə etdiyi uğurlara töhfə verməsi barədə yetərincə faktlar sadalamaq olar. Bu istər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, istər Xocalı soyqırımının həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bunun xarici ölkə parlamentləri tərəfindən ermənilər tərəfindən törədilən soyqırımı faktı kimi tanınması, istər 44 günlük müharibə, istərsə ondan sonrakı dövr və 2023-cü ildə Qarabağda keçirilən lokal antiterror tədbirlərində gördüyü fəaliyyəti qeyd etmək olar. Ümumiyyətlə parlament beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarının müdafiə olunmasındakı rolu danılmazdır. Bunun üçün statistikaya diqqət yetirmək kifayət olar. Milli Məclis sədri Sahibə Qafarova 2020-2023-cü illər ərzində xarici ölkələrə, beynəlxlaq və regional parlament təşkilatlarının işində iştirak etmək üçün 58 səfər edib. 2023-cü ildə isə bu səfərlərin sayı 25 olub. Deputatlar tərəfindən isə 2020-2023-cü illər ərzində 340-dan artıq olub. 2023-də isə bu say 160-a yaxın olub. xarici ölkə və beynəlxalq təşkilatlardan ölkəmizə isə 2020-2023-cü illər ərzində 370-dən çox, 2023-cü ildə isə 140 səfər olub. Xüsusən də son 3 ildə isə aparılan danışıqların mahiyyəti 44 günlük müharibənin zəruri edən amillər və həyata keçirilən hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri, ölkəmizin Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunması istiqamətindəki təşəbbüsləri və buna qarşı yönəlmiş addımlar, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, iqtisadi nailiyyətləri, Ermənistanla münasibətlərin normallaşması prosesinə mane olan amillər, bölgənin qarşısında duran çağırışlar və sair məsələlər olub. Bütün bu səfərlər zamanı keçirilən görüşlərdə Azərbaycanın yürütdüyü siyasətin mahiyyəti açıqlanıb.
Azərbaycanın parlament diplomatiyasının fəaliyyətini ümumiləşdirsək bunu aşağıdakı kimi təsnifatlaşdıra bilərik:
- Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş çoxvektorlu xarici siyasət strategiyasına uyğun olaraq parlament diplomatiyasının əhatə dairəsinin genişləndirilməsi;
- Azərbaycanın beynəlxalq parlament təşkilatları ilə əlaqələrinin möhkəmləndirilməsi;
- Azərbaycanın daha çox ölkələrlə parlament dostluq qrupları yaratmaqla ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı inkişaf etdirilib möhkəmləndirilməsi;
- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən yeni və nüfuzlu platformalara çıxış imkanının əldə olunması;
- Müxtəlif ölkələrin parlamentlərində Azərbaycana yeni dostlar qazandırmaq, ölkəmizin milli maraqlarını müdafiə edən parlament üzvlərinin fəaliyyətinə siyasi dəstək vermək üçün yeni imkanların əldə olunması nail olmaqdır.
Azərbaycan parlamenti bundan sonra da üzərinə düşən missiyanı layiqincə icra edib xarici siyasi strateji kursun uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək.
Mürtəza
Azreform.info