KİV: Avropada ukraynalı qaçqınların uşaqları əlindən alınır

17
Dek
2023
18:21

Ukraynalı hüquqşünaslar Avropa İttifaqı ölkələrində müvəqqəti qoruma statusuna malik olan bu ölkə vətəndaşlarından uşaqların götürülməsi hallarının artmasından narahatdırlar.

Azreform.info xəbər verir ki, Evreux şəhərində (Normandiya, Fransa) müvəqqəti qoruma statusunda olan 18 yaşlı ukraynalı Lyudmila Koltunovskayanın doğum evindəki yeni dünyaya gələn oğlu “Ana uşağa soyuq yanaşır” iddiası ilə sosial xidmət tərəfindən götürülərək himayədar ailəyə verilib.

Qeyd olunub ki, Ukraynanın Fransadakı səfirliyi, Ədliyyə Nazirliyi və ukraynalı könüllülər ana və uşağın qovuşması uğrunda mübarizəyə qoşulub. Dekabrın 11-də keçirilən məhkəmə iclasında nə Ukrayna konsulu, nə səfirliyin digər nümayəndələri, nə könüllülər, nə də ukraynalı vəkilin iştirakına icazə verilməyib.

Buna baxmayaraq, məhkəmə davamlı məsləhət dəstəyi ilə uşağı valideynlərinə qaytarmaq barədə qərar qəbul edib.

Zərərçəkənin vəkili Marina Semenova bildirib ki, bu iş ilk hal deyil. Onun hüquqi təcrübəsində artıq oxşar faktlar olub - Estoniya, Danimarka, Polşa, Almaniyada uşaqların müxtəlif bəhanələrlə valideynlərindən götürülməsi halları baş verib.

Vəkilin sözlərinə görə, Aİ-də müvəqqəti müdafiə statusu olan anaların uşağı ilə Ukraynaya getmək hüququnu məhkəmə vasitəsilə sübut etmək lazımdır. Xüsusilə, vəkil öz təcrübəsindən misal çəkib - bu ilin fevralında Ukrayna vətəndaşı övladı ilə birlikdə Aİ-dəki evini tərk etmək istəsə də, Ukrayna-Polşa sərhədində saxlanılıb.

Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkilinin ofisi 2023-cü ilin yayında uşaqların yerli sosial xidmətlər tərəfindən Avropada valideynlərindən və ya qəyyumlarından götürülməsi ilə bağlı ən azı 240 hadisə barədə məlumat verib. Xüsusilə, Polşada avqust ayına olan məlumata görə, 75 ukraynalı uşaq, İtaliyada 7, Fransada 11 uşaq ailələrindən uzaqlaşdırılıb. Hüquqşünasların sözlərinə görə, bir qayda olaraq, məktəbdən yayınma kimi əhəmiyyətsiz səbəblər bəhanə kimi irəli sürülür.(Report)