HƏMAS lideri Haniyənin oğlundan açıqlama - Atamı belə öldürdülər

17
Avq
2024
13:35

Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin oğlu Əbdüsselam Həniyə atasının necə öldürüldüyünü açıqlayıb.

Azreform.info xəbər verir ki, HƏMAS lideri İsmayıl Haniyənin oğlu Əbdüssəlam Haniyə atasına qarşı törədilən  sui-qəsd hadisəsi ilə bağlı açıqlama verib. 

İdarə olunan  raketlə  atasının qaldığı otağın hədəf alındığını deyən  Əbdüssəlam Haniyə deyib ki, qətl  mobil telefonunu izləməklə həyata keçirilib: "Atam həmin gün  mobil telefonla rəsmi mərasimə  qatıldığından belə bir planın həyata keçirilməsi çətin olmayıb.

Həmin gün atamla mənim dəfələrlə telefon danışığım oldu. O, şəhid olduğu gecə saat 22.15-ə qədər telefonundan aktiv istifadə etdiyini düşünürəm”.

Onun sözlərinə görə, hadisə baş verən zaman mühafizəçilər və digər məsləhətçilər atamın otağından bir neçə metr aralıda olublar. "Əgər otaqda bomba olsaydı, o zaman  dağıntı daha böyük olmalı idi. O baxımdanda otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır. Sui-qəsdçilər mobil telefonun siqnallarını izləməklə  idarə olunan raket vasitəsi ilə bu planı həyata keçiriblər”. 

Qeyd edək ki, hadisənin ilk günlərində heç bir açıqlama verməyən İran hakimiyyəti avqustun 4-də Haniyənin öldürülməsi ilə bağlı aparılan araşdırmaların nəticələrini paylaşaraq bildirib ki, sui-qəsd 7 kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirilib. 

ABŞ-ın “New York Times” qəzeti Haniyənin aylar əvvəl qaldığı evə gizli şəkildə qoyulan bombanın partlaması nəticəsində öldüyünü iddia edib.

 Mürtəza
Azreform.info