Çinin səkkiz vilayətində dövlət şirkətləri və hökumət tərəfindən dəstəklənən təşkilatlar əməkdaşlara iş yerində “Apple” və digər xarici cihazlardan istifadə etməyi qadağan ediblər.
“Azreform.info ” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Belə ki, işçilərə yerli istehsalçıların avadanlıqlarından istifadə etmək tövsiyə olunub. Söhbətin hansı şirkətlərdən getdiyi açıqlanmır. Ümumilikdə, Çinin dövlət sektorunda 80 milyondan çox insan çalışır. Eyni zamanda, Çin hökumətinin mətbuat xidməti agentliyin sorğusuna cavab olaraq, məhdudiyyətlərlə bağlı məlumatları təkzib edib, lakin hakimiyyət orqanlarının xarici istehsalçıların cihazlarının təhlükəsizliyindən narahat olduğunu qeyd edib.
“The Wall Street Journal” daha əvvəl yazıb ki, Çin hakimiyyəti nazirlik, idarə və digər dövlət orqanlarının məmurlarına digər xarici istehsalçıların “iPhone” və smartfonlarını rəsmi məqsədlər üçün istifadə etməyi və onları işə gətirməyi qadağan edib.
Mütəxəssislər Çin hakimiyyətinin qərarının ölkədəki xarici brendlərin, o cümlədən “Apple”ın fəaliyyətini xeyli pisləşdirəcəyini gözləyirlər. “Apple” indi Çinin yüksək səviyyəli smartfon bazarında üstünlük təşkil edir. Çin Amerika istehsalçısı üçün ən böyük bazarlardan biridir və ona bütün gəlirin 19%-ni verir.