Günəş şüalarının insan sağlamlığına faydalarıyla yanaşı, zərərləri də mövcuddur. Belə ki, onun radioaktiv şüalarının xüsusilə, dəriyə mənfi təsiri çoxdur.
Mütəxəssislər dərimizi hər fəsildə bu şüalardan qorumaq üçün günəş kremindən, spreylərdən və losyonlardan istifadə etməyi məsləhət edirlər.
Dermatoloq Kənan Əhmədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, insanlara xüsusilə, maydan başlayaraq sentyabrın axırına qədər dərilərini günəş şüalarından qorumalarını məsləhət bilir:
“Günəş şüalarının ən çox zərərli olduğu vaxt məhz saat 11-dən 5-ə qədərki vaxtdır. Əgər bu saatlarda günəşin altında olacağınızı bilirsinizsə, SPF-lərdən istifadə etmək mütləqdir. Bəzən günəş şüaları insanlarda kontakt allergik dermatit xəstəliyinə yol aça bilər. Günəşin zərərli təsirləriylə bədənin açıq qalan hissələrində- üzdə, qollarda, boyunda, sinədə dəri xəstəlikləri inkişaf edə bilər”.
SPF seçərkən nələrə diqqət edək?
“SPF-lər həm günəş şüalarını buraxmaq dərəcəsinə, həm də dəri tiplərinə - həssas, akneli, yağlı, quru, quruluğa meyilli dərilərə görə fərqlənir. Suya davamlı olan və gözlə təmas edərkən yandırmayan SPF seçmək daha məqsədə uyğundur. Hər bir insan SPF-i öz dərisinə uyğun seçməlidir”.
Bəzən SPF-in təmizlənməsi üçün hidrofil yağından istifadə etməyin mütləq olduğu bildirilsə də, ekspert bunun vacib olmadığı qənaətindədir.