Vaşinqton məhkəməsi Trampın keçmiş vəkilinə “ölüm cəzası” kimi cərimə kəsdi

16
Dek
2023
18:42

ABŞ-nin Vaşinqton şəhər məhkəməsi keçmiş prezident Donald Trampın keçmiş vəkili və tərəfdaşı Rudi Culianiyə 148 milyon dollardan çox cərimə təyin edib.

Rudi Culiani Corciya ştatındakı seçki komissiyasının iki əməkdaşını seçkiyə müdaxilədə ittiham etdiyi üçün onlara 148 milyon dollardan çox təzminat verməlidir.

Bu barədə ştatın seçki komissiyasının sədri Qabriel Sterlinq məlumat verib.

Məhkəmənin hökmünə əsasən, Culiani seçki bülletenlərini manipulyasiyada ittiham etdiyi seçki komissiyası rəsmisi Rubi Frimen və onun qızı Şey Mossa atdığı böhtan üçün hər birinə 16 milyon dollar, həmçinin verdiyi emosional zərərə görə hər birinə 20 milyon dollar ödəməlidir. 

Münsiflər heyəti, həmçinin qərara gəlib ki, gələcəkdə oxşar böhtan xarakterli hücumlardan çəkindirmək üçün Trampın tərəfdaşı, eyni zamanda, 75 milyon dollar cərimə verməlidir.

Məlumata görə, Friman və Mossun yekunda qeyd olunan vəsaitin nə qədərini alacağı məlum deyil. Çünki 79 yaşlı Rudi Culiani ağır maddi durumdadır. Məhkəmə iclasının əvvəlində o bildirib ki, milyonlarla dollarlıq təzminat ödəmək öhdəliyi onun üçün “ölüm cəzasının mülki ekvivalenti” kimidir.//oxu.az