Yasamalda ana südünün faydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

31
İyl
2024
20:08

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarlna Dövlət Dəstəyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində növbəti tədbirini Yasamal rayonunda keçirib.

Azreform.info xəbər verir ki, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva öncə belə aktual mövzulu layihələrə maliyyə yardımı göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirin təşkilinə görə Yasamal rayon xəstəxanasının baş həkimi Aygün Məmmədovaya, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

QHT sədri qeyd edib ki, mövzu aktualdır və həmişə diqqətdə saxlanmalıdır. Çünki, söhbət gələcək nəsilin sağlamlığından gedir.

Tədbirdə iştirak edən Yasamal rayonu 10 nömrəli Uşaq Poliklinikasının baş həkimi Aygün Məmmədova və baş həkimin müavini, pediatr Lalə Qüdrətzadə mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd ediblər ki, ana südü körpəniz üçün ən uyğun qida olub, onun hərtərəfli inkişafını təmin edir. Döşə qoyulma isə körpə üçün əsl səadətdir. Körpəsini əmizdirən ana intuitiv olaraq onun nə hiss etdiyini bilir. Ağrı və ya qorxudan ağlayan uşaq döşə qoyulan kimi sakitləşir. Ana ilə körpə arasında lap erkən dövrlərdən gözəgörünməz əlaqə yaranır. Bu gözəgörünməz bağ uşağın ən çox ehtiyac duyduğu hiss olub, onun emosional sferasının inkişafında çox mühüm rol oynayır.

Mütəxəssislər onu da qeyd ediblər ki, təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin verilməsi yolverilməzdir. Sonra mütəxəssislər mövzu ilə bağlı hazırladıqları təqdimatları görüntülü şəkildə bölüşərək tədbir iştirakçılarının suallarını da cavablandırıblar.

Sonda layihənin tərəfdaşı olan “ZƏHRA XATUN” MMC tərəfindən analara hədiyyələr təqdim edilib.