Diş qıcama qurdun yox, bu xəstəliyin əlamətidir

31
İyl
2024
13:56

“Diş qıcama, gecələr dişlərini bir-birinə sürtmək qurd xəstəliyi əlaməti deyil”.

Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, diş qıcama ilə yanaşı, üstəlik qarında ağrı və işçtahsızlıq da varsa, bu əlamətləri gözardı edərək qurd dərmanı vermək olmaz:

"Diş qıcaması və ya diş sıxma çox uşaqda, hətta böyüklərdə də var. Əslində, sıxılan diş yox, çeynəmə əzələləridir. Onlarda yığılmalar olur, nəticədə dişlər bir-birinə dəyir. Bu sıxılma isə qeyri-iradi olur.

Səbəbini uşaqlarda qurd ilə bağlayırlar, böyüklərdə isə fikir verilmir. Amma hər iki halda səbəb gərgin sinir sistemidir. Uşaqlar gündüz keçirdiyi stres və gərginliyi gecə “bruksizm” şəklində biruzə verir. Bəzən gərginlik narahat yuxu, ya da altını islatma (enurez) kimi də özünü göstərir. Gündüz bruksizmini də psixoloji, ruhi xəstəliyi olan insanlarda görə bilərik. Qurd xəstəliyi prosesi sadəcə dərinlədə bilər”.

Pediatrın sözlərinə görə, bruksizm zamanı dişlər yeyilir:

“Bunu önləmək üçün böyüklərə diş örtükləri tövsiyyə edilir. Ancaq bu həll yolu deyil. Dişlərdən də öncə sinir sistemini qorumaq lazımdır.
Buna görə 1-2 ay sakitləşdirici verməyin mənası yoxdur. Ancaq sinir gərginliyinə bağlı olduğuna inamaq uçun MgB6 vermək kifayətdir. Maqnezium oyanıqlığı götürür,bəsəbləri sakitləşdirir, bruksizm də azalır”.

A.İsmayılzadə bruksizmi aradan qaldırmaq üçün nəfəs məşqlərini tövsiyə edib:

“Hər axşam yatmazdan əvvəl dərin nəfəsalmalar da günlük stressi azaldır. Bunu uşağınızda sınayın. Dərin nəfəslər alaraq yuxuya getsin, siz isə gecə boyunca diş qıcamasına nəzarət edin. Nəfəs alarkən qarnın şişməsinə diqqət edin. Nəfəslər rahat və uzun olsun. Bu həm də də böyüklərə aiddir.
Nəfəsalmalar zamanı parasimpatik sinir sistemi aktivləşir, simpatik sinir sistemi sakitləşir. Beləliklə, stres hormonları qanda azalır, sakitləşmə baş verir.

Bundan başqa uşaq telefonda oyun oynamaqdan, videolar izləməkdən uzaq olsun. Daha çox təbiətdə ayaqyalın gəzsin, təmiz havada çox vaxt keçirsin”.

Billurə Yunus