Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb.
Belə ki, o, iyulun 25-də Parisdə taksiyə minib. Naməlum şəxslər sürücü və ona yaxınlaşaraq diqqətlərini yayındırıb. Bu zaman onlardan biri Zikonun portfelini oğurlayıb.
Məlumata görə, portfeldə bahalı saat, zinət əşaları, brilyantlar və nağd pul olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmalara başlayıb.
Onu da qeyd edək ki, əsl adı Artur Antunes Koimbra olan Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. Braziliya millisinin heyətində 71 rəsmi oyunda 48 qol vuran Ziko milli komandasının ən çox qol vuran oyunçuları siyahısındadır.
Xatırladaq ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.