Xəyanətə görə əmisinin qəbirdaşını sındırdı, onun arvadının tövləsini yandırdı

23
İyl
2024
12:00

Gəncə Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Tamerlan Tağıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Tamerlan Tağıyev 2023-cü il avqustun 11-də əmisi oğlu Kərəm Rəfiyevin (şərti) üç il ərzində onun arvadı ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşaması barədə öyrənib. Sonra o, əmisi oğlundan qisas almaq qərarına gəlib. Təqsirləndirilən şəxs bu məqsədlə Goranboy rayonu ərazisində yerləşən qəbiristanlığa gedib orada Kərəmin mərhum atasının dəfn edildiyi qəbrin üzərində quraşdırılmış başdaşını və qəbrin ətrafındakı güldanı sındırıb. Həmçinin Tamerlan mərhumun başdaşı üzərinə həkk olunmuş şəkli daşla vuraraq zədələyib.

Bundan sonra o, əmisi oğlu Kərəm Rəfiyevin anası, zərərçəkmiş Mələk Rəfiyevanın evinə gedib. O, evin həyətyanı sahəsində saxlanılan ot bağlamalarını kibritlə yandıraraq 1 850 manat dəyərində 300 ədəd saman və 200 ədəd yonca bağlamasını, həmçinin ot tayasının yaxınlığında yerləşən tövlənin 4 420 manat dəyərində taxta konstruksiya və şiferdən ibarət olan dam örtüyünü qəsdən yandırıb. Beləliklə o, ümumilikdə 6 270 manat dəyərində əmlakı qəsdən məhv edərək zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurub.

Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Tamerlan Tağıyev məhkəmə zalında həbs olunub.