QHT sədri İctimai Şura üzvlüyündən istefa verdi

19
İyl
2024
17:37

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai Şura üzvlüyündən istefa verib.

O, bu barədə sosial səhifəsində yazıb. 

C.Şahvetdiyev deyib ki,  8 aydır - yarandığı gündən Şura ölü bir quruma çevrilib. Heç bu vaxtadək Komitə Şura üzvlərinə üzvlük vəsiqəsi belə verməyib. Görünür komitənin yeni rəhbərliyi bu tərkibdə İctimai Şuranı qəbul etmək istəmir: "Nə qədər deyirik, yazırıq, təkliflər veririk, reaksiya yoxdur. Şura rəhbərliyi komitə rəhbərliyi ilə əlaqə saxlasa da nəticə yoxdur. Bir sözlə, Komitənin İctimai Şuraya münasibəti mənfidir. Heç bir fəaliyyət göstərməyən necə deyərlər adı olub, özü olmayan Şurada qalmağın da mənası yoxdur. Buradan Şura üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Həkarlarıma da uğurlar arzulayıram".

Məsələyə münasibət bildirmək üçün Cavid Şahverdiyevlə əlaqə saxladıq.

O, deyib ki, Şuranın gələcəkdə yüksək səviyyədə fəaliyyət göstərəcəyinə inanırdı. Lakin komitənin yeni rəhbərliyi bu fəaliyyətə imkan vermədi: "İctimai Şura üzvləri komitənin sabiq sədri Mübariz Qurbanlı, müavini Siyavuş Heydərovla görüşüblər, gələcək fəaliyyətlə bağlı fikir mübadilələri aparılıb, komitə rəhbərliyi tövsiyələrini verib, Şuranın fəaliyyət planı təsfiqlənib, görüləcək işlər müəyyənləşib. Lakin heç bir fəaliyyət göstərə bilmirik. Komitənin qapıları üzümüzə bağlıdır. Şura rəhbərliyi nə qədər cəhd edir, alınmır. Artıq 8 aydır yaranan, lakin heç bir fəaliyyəti olmayan İctimai Şurada qalmağın mənası yoxdur".

Azreform.info