Sevgilisini videolarla şantaj edən şəxs həbs olundu

17
İyl
2024
15:14

Bakıda sevgilisinin intim görüntülərini sosial şəbəkədə yayan və ondan hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs olunub.

"Qafqazinfo" xəbər verir ki, Şəki rayonunun kəndlərindən birinin sakini, 1994-cü il təvəllüdlü E.Vahabov cinayət məsuliyyətinə cəlb edilib.

Məlum olub ki, o, əvvəllər də oxşar əməl törədib və barəsində cinayət işi açılmaqla axtarışa verilib. Axtarışda olduğu müddətdə restoranda başqa bir qadınla tanış olub və aralarında sevgi münasibəti yaranıb.

E.Vahabov həmin qadınla paytaxtdakı hotellərdən birində bir neçə dəfə görüşüb. Bu müddətdə o, gizli şəkildə qadını videoya çəkib. Daha sonra isə həmin görüntüləri "Instagram" sosial şəbəkəsində yerləşdirib.

Qadının tanışları həmin görüntüləri ona göndərərək yayılmış videolar barədə xəbər veriblər. Bundan sonra qadın E.Vahabova yazaraq bu əməllərinə son qoymasını tələb edib. O isə münasibətdə olduğu qadından 50 manat tələb edərək alıb. Kişi yenidən pul tələb etdikdə qadın polisə müraciət edib və faktla bağlı Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb.

Bir neçə gün əvvəl E.Vahabov həbs edilib. Həmçinin, Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.