Bakının Suraxanı rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ağır qəza törədib.
Azreform.info xəbər verir ki, sərnişinin ölümü, sürücünün isə xəsarət alması ilə nəticələnən qəzanın görüntüləri yayılıb.
Görüntülərdən məlum olur ki, 1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən qarşıdan gedən “Tata” markalı yük avtomobilinə çırpılıb. Belə ki, taksi kimi istifadə edilən minik avtomobili yağıntılı hava şəraitində yük maşını ilə toqquşub. Nəticədə avtomobil banı üzərinə aşıb.
Hadisə nəticəsində taksidə olan sərnişin - 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb. Sürücünün müalicəsi davam etdirilir.
Qeyd edək ki, Bakı şəhərində və ətraf ərazilərdə demək olar ki, hər gün “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə ağır və ya nisbətən yüngül qəzalar baş verir. Mütəxəssislər bu qəzaların baş verməsinin əsas səbəbləri kimi “Prius”ların texniki göstəriciləri, onları idarə edən şəxslərin qeyri-peşəkar olması və ya fasiləsiz işləmələri ilə izah edirlər.(Qafqazinfo)