Fuad Əliyev: Hökumət ikinci variantı seçib

14
Dek
2023
06:35

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadıldı. Artıq bununla bağlı baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərar 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib. Xatırladaq ki, quru sərhədlərinin açıq olması eyni zamanda bir çox vətəndaşların, o cümlədən sərhədyanı bölgələrdə yaşayan əhalinin dolanışığı üçün əsas amillərdən biri idi. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bugünlərdə deyib ki, sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.  

Prezidentliyə eks-namizəd, politoloq Fuad Əliyev isə, yerli mətbuata açıqlamasında, quru sərhədlərin açılmasını zəruri sayır: 

“Bunun iqtisadi zərərləri göz qabağındadır. Artıq 4-cü ilə keçir ki, insanlar yalnız təyyarə ilə ölkə xaricinə çıxa bilirlər. Ən azından Gürcüstan istiqaməti açıla bilərdi ki, bu həm də Türkiyəyə quru sərhədin açılması deməkdir. Sadəcə, bunu etsələr, təbii olaraq suallar yaranacaq ki, şimal və cənub sərhədləri niyə açılmır, hansısa təhlükə varmı? Ona görə də ya hamısı açılmalıdır, ya da heç biri. Hökumət də ikinci variantı seçib. Amma koronavirusa yoluxma minimuma enib, dünyada bu xəstəliklə bağlı hər hansı qorxulu proses də getmir, o baxımdan burada siyasi və təhlükəsizlik amilləri axtarmaq mümkündür. Prezident "Bizə zərər vermək istəyənlərə bağlı qalsın" deməklə hansısa mesajı ötürmüş oldu. Görünür, dövlət başçısı kənardan Azərbaycana ziyan vurmaq istəyənlərin olduğunu görməkdədir".