Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
“Azreform.info ” xəbər verir ki, müraciətin mətnini gənclər və idman naziri Fərid Qayıbov oxuyub. Mətndə deyilir:
"Əziz gənclər!
Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur.
Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır.
İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, Ulu Öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz".