“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrası davam edir

11
İyn
2024
16:07
 
“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasını davam etdirir.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində iyunun 10-da Xətai rayonu, 64 saylı məktəbdə 200-ə yaxın şagirdin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra ilk çıxış edən məktəbin Çağırışaqədərki hazırlıq üzrə rəhbəri Bəhrəm Abdullayev tədbirin mahiyyəti, onun aktuallığı barədə iştirakçıları məlumatlandırıb. Daha sonra çıxış edən təhsil müəssisəsinin direktoru Humay Məmmədova da mövzunun aktuallığına diqqət çəkib şagirdlərin sağlam qidalanmasının zəruriliyini vurğulayıb.

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə barədə iştirakçılara geniş məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihə həyata keçirir. Layihənin məqsədi məktəblərdə şagirdləri qida təhlükəsizliyi barədə maairfləndirmək, onlarda sağlam qidalanmanın zəruriliyi barədə bilgi formalaşdırmaqdır:

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin müddəti 3 aydır. Cari il, mayin 1-dən start götürən layihə iyulun 31-dək davam edəcək. Layihə çərçivəsində paytaxt Bakı şəhərindəki təhsil müəssisələrində 3 tədbirin keçirilməsi nəzərdə tutulub. Bu gün ilk tədbirimizi keçiririk. Yaxın günlərdə daha iki tədbir təşkil edəcəyik”.

Süleyman İsmayılbəyli deyib ki, layihə çərçivəsində həmçinin qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı bukletlər çap edilib və keçirilən tədbirlərdə həmin bu materiallar məktəblilərə paylanılacaq.

Daha sonra çıxış edən təlimçi Ruhiyyə Mehdiyeva qida təhlükəsizliyinin vacibliyi, qidalanma zamanı diqqət edilməli olan əsas xüsusiyyətlər barədə danışıb. Bildirib ki, qida təhlükəsizliyi həm istehsalçıları, həm də istehlakçıları yaxından maraqlandıran və təsir edən qlobal problemdir. Çünki bu gün bir çox qida yoluxucu xəstəliklərin qida təhlükəsizliyinin təmin edilə bilməyəcəyi uyğun olmayan şəraitdə istehsal olunan məhsullardan qaynaqlandığını görürük:

“Təhlükəsiz (sağlam) qida” nə deməkdir? Qida dəyərini itirməmiş, fiziki, kimyəvi və mikrobioloji cəhətdən təmiz, bütöv olan qida deməkdir. Qida məhsulları insan sağlamlığına təsir etməyəcək və ekoloji problemlər yaratmayacaq mühitlərdə əldə edilməli, emal olunmalı və qorunmalıdır. Ümumiyyətlə, minimum texniki və sağlamlıq meyarlarına cavab verən, razılaşdırılmış və beynəlxalq platformalarda qəbul edilmiş təşkilat tərəfindən təsdiq edilmiş məhsullar təhlükəsiz qida kimi qəbul edilir”.
Daha sonra çıxış edən sağlam qidalanma üzrə ekspert, Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova qidalanma zamanı diqqət edilməli olan məqamlardan danışıb. Bildirib ki, təhlükəsiz qida hər cür xarab və çirklənmə faktorlarından təmizlənmiş, insan sağlamlığına zərər verməyəcək şəkildə istehlaka yararlı hala gətirilən qidadır:

“Yəni qablaşdırılmış, etiketlənmiş, istehsalçısı və markası məlum olan qidalar yuxarıda qeyd olunan qida təhlükəsizliyi standartlarına uyğun istehsal edildiyi üçün təhlükəsiz qidadır. Digər tərəfdən, açıq yerdə, küçələrdə, bazarlarda topdan satılan, istehsalçısı və xüsusi xassələri məlum olmayan qidalar təhlükəsiz qidalar deyil”.

Ekspert deyib ki, qida təhlükəsizliyinə insanları bakteriya, göbələklər, parazitlər və viruslar kimi mikroblar tərəfindən törədilən qida yoluxucu xəstəliklərdən qorumaq üçün qidaların düzgün emalı, bişirilməsi və konservasiyası aiddir. Buna görə də, düzgün qida qəbulu təcrübələri bu gün qida ilə əlaqəli xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Daha sonra çıxış edən digər ekspert, Qida Təhlükəsizliyi Hərəkatını həmtəsisçisi, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev deyib ki, təhlükəsiz qida hər cür xarab və çirklənmə faktorlarından təmizlənərək istehlaka yararlı hala salınmış, sağlamlığa heç bir zərəri olmayan, qida dəyərini itirməyən qidadır:

“Təhlükəsiz qida saxlama müddəti ərzində heç bir fiziki, kimyəvi və ya bioloji risk daşımır. Onu daşıyırsa, deyə bilmərik ki, qida onun istehlakçısı üçün təhlükəsizdir”.
Qeyd edib ki, istənilən qida məhsulu sağlamlığa zərər verəcək üç əsas riskdən azad olmalıdır. Bunlar fiziki risklər, kimyəvi risklər və mikrobioloji risklərdir.
Tədbirin gedişi əsnasında iştirakçılara maarifləndirici xarakter daşıyan bukletlər paylanıb, sonda iştirakçılar üçün çay süfrəsi açılıb.