Peşəkar rəhbər obrazı

12
Dek
2023
13:09
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.

O, böyük şəxsiyyət idi. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdu.

Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.

Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.

Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladılar.

Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla Qərbə inteqrasiya yolu tutuldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu müqavilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Azərbaycan milli gəlirini artırmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.

1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Bu hadisə, əslində, Azərbaycanda milli kimliyin formalaşmasına təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi.

Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Bu, ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü il mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ümummilli Lider bütün təhdidlərə baxmayaraq, Vətənin mənafeyini hər şeydən üstün tutaraq bu qanlı hadisəni törədən şəxsləri elə Moskvanın mərkəzində kəskin şəkildə tənqid etdi. Bununla da SSRİ rəhbərliyinin hər vəchlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın gündəm maddəsinə çevrildi.

Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri həmişə məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Onun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən saldı. Xalqımızın böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyevin vəfatından illər ötsə də o, həmişə, xalqımız tərəfindən hörmət və ehtiramla yad edilir.


Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi