30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumun keçirilməsi Azərbaycanın iqtisadi gücünün, inkişafının, beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etdiyini bir daha təsdiq etdi.
Bu gün Azərbaycan beynəlxalq arenada Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. Hal-hazırda reqionda mühüm dəyişikliklərin təşəbbüskarı da Azərbaycandır. Əsas məqsədimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin suverenliyinin bərpa olunmasıdır.
Azərbaycan xalqı 30 il ərzində Ermənistan ilə münaqişənin qan tökülmədən, danışıqlar yolu ilə həll olunmasını səbrlə gözlədi. Bu illər ərzində Azərbaycan çalışdı ki, beynəlxalq müstəvilərdə dinc savaş prinsipinə riayət etsin. Təəssüflər olsun ki, Ermənistan Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin qəti əleyhinə olduğunu daim nümayiş edib. Bu danılmaz faktı təsdiq edən bariz nümunələrdən biri ərazi bütövlüyümüzü bərpa edərkən, Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadan Qarabağda 15 minə yaxın hərbiçilərinin yerləşdirilməsinin aşkar edilməsi oldu.
Bu gün biz qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. İkinci Qarabağ müharibəsi bitən gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz uzaqgörən siyasətini, tolerantlığın və humanistliyin xalqımızın xarakterik xüsusiyyəti olduğunu bir daha sübut edərək səbirli davrandı. Ölkə Başçısı Qarabağda yaşayan ermənilərə iki seçim təklif etdi. Onlar beynəlxalq hüquq normalarına tam uyğun olaraq Azərbaycan vətəndaşlığını qəbul etməklə dinc əhali kimi təhlükəsiz şəraitdə torpaqlarımızda yaşaya və ya təhlükəsizlikləri tərəfimizdən təmin olunmaqla işğaldan azad etdiyimiz ərazilərimizi tərk edə bilərdilər. Təəssüf ki, Azərbaycanın sülh niyyətli müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi. Biz yenə də səbr və dözüm göstərdik.
Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan bütün təşəbbüsləri boğaraq, təkliflərimizi rədd edirdilər. Erməni separatçıları bizi Bakıya tank üzərində gələcəkləri ilə hədələyirdilər. Nəticə olaraq isə bu gün onlar həbsxanada Azərbaycan ədliyyəsinin ədalətinə sığınaraq, barələrində ədalətli hökm gözləyirlər.
Nəhayət, iki hadisə baş verdi ki, bu, Azərbaycan üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. Bununla da, Ermənistan hökuməti öz imzasına belə hörmət etmədiyini dünyaya bir daha sübut etdi.
İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş həmin ərazidə hər hansı dəyişikliklər baş verməyəcəyi barədə şifahi razılıqların tamamilə pozulması oldu.
Bununla da, torpaqlarımızın işğal altında olduğu uzun illər boyunca Azərbaycana hər bir fürsətdə sülh yolundan başqa hər hansı bir yola əl atsaq, uğur qazana bilməyəcəyimizi xatırladan Minsk qrupuna münaqişənin hərbi yolla həllinin mümkün olduğunun sübut olunmasının tam vaxtı çatdı. Biz sülhə hərbi yolla nail olduğumuzu dünya ictimaiyyətinə nümayiş etdirdik.
Suverenliyimizin bərpa edilməsi üçün bizə bir gündən də az sürən antiterror əməliyyatı kifayə etdi. Antiterror əməliyyatı Azərbaycan hökümətinin humanistliyini bir daha sübut edərək elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməsin və dinc əhali arasında itkilər olmasın. Prezident İlham Əliyev əməliyyat başlayan anda bəyan etdi ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara bizim torpaqları tərk etməyə icazə verəcəyik. 24 saatdan az sürən əməliyyatın məntiqi nəticəsi olaraq düşman ordusu təslim olduqlarını bəyan etdi və bununla da bütün fəaliyyətlər dayandırıldı.
Qətiyyətli Qələbəmiz Qarabağın 30 illik işğalına son qoydu. Təəssüflər olsun ki, ərazi bütövlüyümüzü bərpa edəndən sonra biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq gördük. Biz məsələyə bir tərəfli yanaşan ölkələrə izah etməyə çalışırıq ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan suverenliyini BMT Nizamnaməsinin özünümüdafiəyə dair 51-ci maddəsinə uyğun olaraq bərpa edib.
Ümummilli lider Heydər Əliyevin siyası kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin həyata keçirtdiyi siyasətin əsasında, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalaması hədəfi dayanırdı. Ali Baş Komandan İlham Əliyev dünyaya səs salan zəfərimiz ilə xalqın etimadını bir daha doğrultdu.
Hal-hazırda Zəfərimizin memarı olan Preizdent İlham Əliyevin qarşısında duran mühüm vəzifələrdən biri Qarabağda infrastrukturun bərpa olunması ilə bağlı layihələr ilə yanaşı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. Ölkədə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı yüksək səviyyədə təmin edilir. Ölkə rəhbərliyi əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, bu prosesi sürətləndirək.
Sirr deyil ki, hazırda əksər ölkələrdə iqtisadi böhran yaşayır. Belə çətin bir zamanda Azərbaycan böyük bir ərazidə tikinti-quruculuq işləri aparır, müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrastruktur obyektləri inşa olunur. Sevindirici haldır ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə Füzuli və Zəngilan beynəlxalq aeroportların tikintisi uğurla başa çatdırılıb. Bununla da uzun illər işğal altında olan torpaqlarımızda artıq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə şərait yaradılıb.
Əminlikdə demək olar ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ən müasir memarlıq təcrübəsinin, eləcə də yüksək texnologiyalarının tətbiq edilməsi bir çox bizimlə oxşar taleyi bölüşən ölkə və şəhərlər üçün faydalı nümunə olacaqdır.
Qeyd etmək lazımdır ki, qayıdış prosesini planlaşdırarkən işğaldan azad edilən ərazilərdə yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yönəldirilib. Artıq Laçında ilk əmək yarmarkası təşkil olunub və 266 nəfərin məşğulluğu təmin edilib. Doğma torpaqlarına qayıdan insanların əksəriyyətinin artıq işlə təmin edilməsi bir daha onu nümayiş etdirir ki, ölkə rəhbərliyinin Böyük Qayıdış proqramına yanaşması hərtərəflidir. Belə ki, 2026-cı ilin sonunadək 140 mindən çox vətəndaşımızın Qarabağa və Şərgi Zəngəzura qaytarılması planlaşdırılır.
Bu gün dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır. İşğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək və xalqın arzusunu gerçəkləşdirərək torpaqlarımızı tarixi sahiblərinə qovuşdurdu.
Turan Cəfərova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi