Fuad Əliyev: Çox təəssüf ki, qəbul olunan bəzi qanunlar vətəndaşlara problem yaradır

5
Dek
2023
11:41

“Müraciətlərin əksəriyyəti əlilliyi olan şəxslərə əlillik dərəcəsinin verilməməsi və əlillik üçün verilən aylıq müavinətin  kəsilməsi ilə əlaqədardır. Burda ciddi problemlər var.”

Bu fikirləri Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

Onun sözlərinə görə, vətəndaşların Həmkarlar Birliyinə şikayətlərinin əksəriyyəti təqaüd və əlillik qrupların kəsilməsi ilə əlaqədərdir:

“Bəzi qanunları qəbul edəndə, çalışırlar ki, qanunlar Avropa standartlarına uyğun olsun. Çox təəssüf ki, qəbul olunan bəzi qanunlar vətəndaşlara problem yaradır. Bir neçə il bundan əvvəl, uzun illər əlillik dərəcəsinə uyğun aylıq müavinət alan şəxslərə bu müavinətin  verilməsi dayandırıldı . Həm də heç bir xəbərdarlıq etmədən. Vətəndaş da gəlir bankomatın qabağına, görür ki, pul yoxdur. Sonra aydın olur ki, yeni qaydalara görə, əlilliyi sübut etmək üçün, yenidən müayinədən keçməlidir. Bu da böyük bir problemə çevrilir. Şikayətçilərin dediyinə görə aylarla yollarda qalıblar. Sonda da bizə müraciət edirlər ki, biz onlara köməklik edək. Biz də öz növbəmizdə çalışırıq onlara dəstək olaq.”

Fuad Əliyevin sözlərinə görə, təqaüdlərin ləğvi prosesində qanun pozuntuları var:

“Əmək və Əhaliyin Sosial Müdafiəsi Nazirliyin rəhbərliyi deyir ki, keçmişdə saxta əlillik qrupları verilib. Buna görə də təqaüdlərin verilməsini bu formada dayandırdılar. Yenidən müayinədən keçib saxta qrup alanları ifşa edirlər. Bax bu yanaşma ilə razılaşmaq mümkün deyil. Niyə bu saxta qrup alanlara görə həqiqi əlillər əziyyət çəkməlidirlər? Təqaüdü kəsirsən. Bəs bu insanlar necə yaşasınlar? Onların başqa gəlir yeri yoxdur, əlildirlər. Saxta əlilliyi alanları üzə çıxarın. Bu məsələdə hamı sizi dəstəkləyir. Amma bunu edərkən insanların hüquqlarının pozulmamasına diqqət edin. Təqaüdlərin kəsilmədən, əlillər yenidən müayinədən keçmək üçün vaxt verə bilərdiz. Onda bu qədərdə narazılıq olmazdır”.