Xəbər verdiyimiz kimi, UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri cavab matçında hakimi söyməsinə görə iki oyunluq cəzalandırıb.
Azreform.info xəbər verir ki, Leverkuzendəki matçda da qırmızı vərəqə alan Azərbaycan millisinin üzvü avrokuboklarda ən azı iki oyunu buraxacaq.
E.Cəfərquliyev həmçinin dünən Bakıda təşkil olunan “FİFA series - Edition 2024” layihəsində Bolqarıstanla baş tutan matçın (1:1) final fitindən sonra oyunun baş hakiminə əl ilə işarə göstərib.
Əslində "okey" anlamına gələn bu işarə xoş isə qarşılanmayıb və bəziləri tərəfindən təhqir kimi başa düşülüb.
Sərgilədiyi aqressiv davranışlar və cəza alaraq oyundan kənarlaşdırılması, E.Cəfərquliyevi azarkeşlərin hədəfinə gətirib.
Bir sıra sosial şəbəkə istifadəçiləri bildirir ki, millimizin üzvü belə hərəkətlərə yol verməsi həm özünə, həm də komandasına çətinlik yaradır.
Azreform.info yazılan tənqidlərlə bağlı münasibət öyrənmək üçün E.Cəfərquliyevlə əlaqə saxlayıb. O, sualı sona qədər dinləmədən üzr istəyərək "heç nə danışmaq istəmirəm" cavabını verib.
Futbolçu yazılanlara münasibət bildirmək istəmədiyini təkrarlayaraq dəstəyi asıb.
Qeyd edək ki, bir müddət öncə də tənqid hədəfinə tuş gələn Cəfərquliyev instaqram hesabında “Hər şey sənin əlində olmayanda” paylaşımı ilə sükutu pozmuşdu.
Billurə