Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-nin Stirlinq Fondunun prezidenti və idarə heyətinin direktoru Mayls Hansen ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycandakı dinlərarası harmoniya, multikultural və tolerant dəyərlərə verilən önəm, dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi barədə danışıb. Həmçinin qeyd edib ki, dünyəvi dövlət olan Azərbaycanın dini konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur. 37-i qeyri-islam təmayüllü olmaqla dövlət qeydiyyatına alınan 995 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır.
Stirlinq Fondunun prezidenti Mayls Hansen ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu vurğulayıb. Fondun Azərbaycanda həyata keçirdiyi işlərə toxunan qonaq, eyni zamanda Briqam Yanq Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivlərinə diqqət çəkib.
Görüşdə, həmçinin sözügedən universitetlər arasında anlaşma memorandumunun imzalanması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.