O uşaqları evdə saxlayın, kollektivə buraxmayın - Həkimdən ÇAĞIRIŞ

21
Fev
2024
22:07

“Kəskin respirator viruslar hava-damcı və təmas yolu ilə yayılır. Xüsusən də bağlı məkanlarda, insanların çoxluq təşkil etdiyi yerlərdə virusun ötürülməsi üçün münbit şərait yaranır. Buna görə də istər bağça yaşlı, istərsə də məktəbli uşaq xəstələndikdə məşğul olduğu otaqlarda sıx təmaslar şəraitində digərlərini sürətlə yoluxdurur. Nəzərə almaq lazımdır ki, kəskin respirator infeksiyalar əksər hallarda yüngül keçdiyini nəzərə alaraq, xəstə uşaq evdə qalmır, bağçaya, məktəbə can atır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Təyyar Eyvazov bildirib ki, bəzən valideynlər də uşağın dərs proqramından geri qalacağını əsas götürərək onu bilərəkdən kollektivə buraxır:

“Beləliklə, xəstə uşaq hazırlıq keçdikləri otaqlarda bir neçə uşağın yoluxmasına səbəb olur və xəstələnmə halları silsilə ilə artır. Ümumilikdə isə, uşaqlar arasında yoluxma halları sürətlə artır. Eyni zamanda, qış fəsli ilə əlaqədar havanın soyuq keçməsi otaqların havalandırılmasını azaldır ki, nəticədə yoluxma daha da intensivləşir”.

Onun sözlərinə görə, uşaqlar arasında yoluxma hallarının sayını azaltmaq üçün valideyn məsuliyyəti çox önəmlidir: “Belə ki, hər bir valideyn səhər uşağı bağça və ya məktəbə göndərməzdən əvvəl onun xəstə olub-olmaması ilə maraqlanmalıdır. Əgər uşağın hərarəti yüksəlibsə, boğazı ağrıyırsa, öskürürsə, burnu tutulub və ya axırsa, özünü süst hiss edirsə, onu kollektivin içərisinə buraxmaq olmaz. Uşağı evdə saxlamalı, ailə həkiminə müraciət edilməlidir”.