AZƏRTAC “Yüksəliş” müsabiqəsinin qaliblərinin həyat yolunu təqdim etməyə davam edir.
Budəfəki müsahibimiz üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi, ölkənin ən iri aqroqida holdinqlərindən biri olan “Agro Dairy” Qrupun İdarə Heyətinin üzvü, kommersiya üzrə baş direktoru Əsəd Qurbanzadədir. O, 1992-ci ildə Cəlilabad şəhərində anadan olub və 9-cu sinfədək orta təhsilini elə bu şəhərdə alıb. Ali məktəbə hazırlıq səbəbi ilə 10-11-ci siniflərdə təhsilini Lənkəranda davam etdirib. Əsəd Qurbanzadə deyir ki, ən böyük çətinliyi ailəsindən uzaq, yataqxana şəraitində ali məktəbə hazırlaşdığı müddət olub. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmağı bacarıb, özü də yüksək bal toplamaqla...
Birinci kursu bitirdikdən sonra yenidən imtahan verərək Xüsusi istedadlar fakültəsində maliyyə ixtisasında təhsilini davam etdirib. 2014-cü ildə Praqada Çarlz Universitetində kredit əsaslı mobillik proqramı olan “Müasir audit nəzəriyyə və təcrübə” ixtisasartırma kursunda təhsil alıb. Elə həmin il magistratura səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində Xüsusi istedadlar fakültəsinə bank işi ixtisası üzrə qəbul olub. 2016-cı ildə magistratura təhsilini başa vurub. 2016-cı ildə “Erasmus+” mübadilə proqramı çərçivəsində MBA proqramı üzrə Anadolu Universitetində sosial elmlər/maliyyə ixtisası üzrə tam təqaüdlə təhsil alıb. Bu müddət ərzində bütün təhsil pillələrini fərqlənmə ilə başa vurub. Hazırda İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsilini davam etdirir.
Əsəd Qurbanzadə özünüinkişaf mərhələsində təkcə təhsil almaqla kifayətlənməyib. Belə ki, müsahibimiz 2012-ci ildə Azərbaycan Biznes Keys Müsabiqəsində yarımfinaladək yüksəlib. 2013-cü ildə SOCAR Yay Məktəbində qızıl medal qazanıb. Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsis etdiyi “İqtisad elmləri üzrə 2013-cü il Nobel tələbə təqaüdü”nün qalibidir.
Müsahibimiz təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində 2014-cü ildə 3 ay müddətində könüllü müəllim kimi fəaliyyət göstərib. Karyera həyatına “Azərbaycan Beynəlxalq Bankı” ASC-də korporativ kreditlərin təhlili üzrə mütəxəssis vəzifəsində başlayıb. Bir müddət sonra elə həmin şöbədə aparıcı mütəxəssis vəzifəsinə yüksəlib. Əlavə olaraq Qərb Universitetində biznesin idarə edilməsi mövzularında mühazirələr oxuyub. Daha sonra “PAŞA Bank” ASC-də kredit nəzarəti üzrə böyük mütəxəssis kimi fəaliyyət göstərib. Bir il burada çalışdıqdan sonra “Agro Dairy” MMC-də karyerasına davam edib. Satış meneceri olaraq çalışmağa başlayan Əsəd Qurbanzadə hazırda adıçəkilən şirkətdə İdarə Heyətinin üzvü, kommersiya üzrə baş direktor olaraq fəaliyyətini davam etdirir.
“Yüksəliş”ə aparan yol
Müsahibimiz birinci “Yüksəliş” müsabiqəsində iştirak üçün qeydiyyatdan keçsə də, müəyyən səbəblərdən imtahanlarda iştirak edə bilməyib və üçüncü müsabiqədə şansını sınayıb.
“Yəqin razılaşarsınız ki, hər dövrün öz tələbləri var. Hazırda yaşadığımız dövr bizdən hər zaman inkişaf etməyi, dayanmadan öz üzərimizdə işləməyi, özümüzü daha yüksək mərhələlərə çatdırmaq üçün daim bilik və bacarıqlarımızı təkmilləşdirməyi tələb edir. Bu baxımdan düşünürəm ki, “Yüksəliş” müsabiqəsi istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi istiqamətində ən uğurlu layihələrdən biridir. Bu səbəbdən mən də bu layihədə iştirak etmək qərarına gəldim. Məncə, bu, doğru qərar idi, çünki, özüm üçün çox uğurlu təcrübə qazandım, - deyə Əsəd Qurbanzadə qeyd edib.
“Ən çətin mərhələ yarımfinal mərhələsi idi”
Müsahibimiz onun üçün müsabiqənin ən maraqlı mərhələsinin yarımfinal və final mərhələləri olduğunu söyləyib. Bildirib ki, bu mərhələlərdə mövqeyini inkişaf etdirmək, qəbullandırmaq və bacarıqlarını daha da təkmilləşdirmək imkanı əldə edib. Onun sözlərinə görə, bu həm də digər iştirakçılarla əlaqələrini gücləndirmək, təcrübə mübadiləsi etmək üçün əla bir fürsət olub.
“Məncə, yarımfinal mərhələsi müsabiqənin ən çətin mərhələsi idi. İlk dəfə belə bir müsabiqəyə qoşulmaq, bundan sonra, növbəti mərhələdə səni nələrin gözlədiyini bilməmək müəyyən qədər çətinlik yaradırdı. Həmçinin bu mərhələdə yeni ideyalarla çıxış etmək və onları tətbiq etmək elə də asan deyildi. Amma hər çətinlik kimi, bu mərhələdəki əziyyətlər də müvəffəqiyyətin əsasını qoydu və nəticədə müsabiqəni uğurla başa vurmağa nail oldum”, - deyə o bildirib.
“Müsabiqə bacarıqlarımı inkişaf etdirməyə və mövqeyimi artırmağa kömək etdi”
Əsəd Qurbanzadə “Yüksəliş” müsabiqəsinin onun həyatında müsbət dəyişikliklərə yol açdığını söyləyib. Müsabiqənin onun üçün idarəetmə və liderlikdə daha yüksək mərhələyə addımlamaq imkanı yaratdığını vurğulayıb.
“Bu müsabiqə mənim özümü tanımama, bacarıqlarımı inkişaf etdirməyə və mövqeyimi artırmağa kömək etdi. Həm də daha çox insanla tanış olmağa və onlarla əlaqə qurmağa nail oldum. Bu, şəxsi və peşəkar inkişafım üçün çox önəmlidir. Hazırda dövlət qurumlarının rəhbərləri ilə görüşlərimiz olur. Onlar tərəfindən aldığımız karyera məsləhətləri bizim üçün böyük imkanlar yaradır.
Müsabiqəyə qoşulanlara özlərinə güvənməyi, öz bacarıqlarına inanmağı tövsiyə edirəm. Bu müsabiqə gənclərin şəxsi inkişafı üçün geniş imkanlar vəd edir. Ona görə də hər kəsə uğurlar arzu edirəm”, - deyə Əsəd Qurbanzadə fikrini yekunlaşdırıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.