Xəzər Tibb Mərkəzinin lor həkimi Cəmaləddin Piriyev qeyri-peşəkarlıqda ittiham edilir.
Azreform.info xəbər verir ki, bu barədə jurnalist Dünya Sakit sosial şəbəkələrdə yazıb. O, həkimin övladına düzgün diaqnoz qoymadığını iddia edib:
"C.Piriyev heç bir əlavə sorğu-sual etmədən, "uşağın burnundan çirk gəlir" deməyimlə kifayətlənərək burnuna yüngülcə baxaraq bizi özəl klinikaya rentgenə göndərdi. Rentgendə "ikitərəfli kəskin haymorit" diaqnozu qoydular və həkimin yanına qayıtdıq. Çox etinazıscasına, "ağırlaşmış haldır, müalicəsi çətin olacaq, məndən diaqnoz qoymaqdır, apar yaşadığın yerdə müalicə elətdir" dedi.
Buzovnada lor həkim xeyli əvvəl işdən çıxmışdı, onu Cəmaləddin həkimə deyəndə, "gəlib artıq, cavan bir uşaq təyin ediblər" cavabını verdi. Soruşdum: sizcə, ağırlaşmış halı o cavan uşaq müalicə edə biləcəkmi? "Bilmirəm" dedi.
Həkim C.Piriyev 10 yaşlı oğlumun yanında, özü eşidə-eşidə bir neçə dəfə təkrarladı ki, "bahoo, vəziyyət ağırdır, müalicəsi çətindir".
Uşaq onun yanından çıxandan bəri azı on dəfə soruşub ki, ana, müalicəsi yoxdur xəstəliyimin, bəs indi necə olacaq?"
Oğlumu Piriyevin "uşaq" adlandırdığı Gündüz Əkbərovun yanına apardım. O, rentgen kağızına diqqətlə baxıb dedi ki, burada "kölgə kimi" yazıblar, əslində, haymorit yuvalarının divarlarında qalınlaşmadır. Heç bir ağırlaşma olmadığını dedi. Bir sprey, bir də burnu üçün damcı yazdı", -deyə o əlavə edib.
Xəzər Tibb Mərkəzindən isə Azreform.info -ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəyə ultrasəs və ya hidrokortizonla fizioterapevtik müalicə tövsiyə olunub:
"Vətəndaş 05.02.2024-cü il tarixində Xəzər Tibb Mərkəzinin həkim-otolorinqoloqu Cəmaləddin Piriyevə müraciət edib. İlkin müayinədən sonra həkim tərəfindən ona ikitərəfli kəskin haymorit diaqnozu təyin edilib və 10 günlük ultrasəs və ya hidrokortizonla fizioterapevtik müalicə tövsiyə olunub.
Sözügedən müalicənin effektivliyinin saxlanılması üçün soyuqdan və hava cərəyanından qorunmanın vacibliyi və vətəndaşın qeydiyyatda olduğu Buzovna qəsəbəsilə Xəzər Tibb Mərkəzinin yerləşdiyi ərazi arasındakı yol məsafəsi nəzərə alınaraq müalicənin ərazi üzrə qeydiyyatda olduğu poliklinikada həyata keçirilməsi daha məqsədəuyğun hesab edilib" -cavabda deyilir.
Billurə