“Qlobal enerji bazarlarının qeyri-müəyyənliyi, geosiyasi gərginliklər və “yaşıl keçid” çağırışlarının artdığı bir dövrdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də siyasi və humanitar aspektlərini açıq şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışı göstərdi ki, rəsmi Bakı enerji strategiyasını uzunmüddətli, sistemli və çoxşaxəli yanaşma əsasında formalaşdırır”.
Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
Onun sözlərinə görə, son on iki ilin təcrübəsi onu da ortaya qoyur ki, enerji məsələsi həm iqtisadi kateqoriya, həm də milli təhlükəsizlik və siyasi sabitlik məsələsidir. “Prezidentin vurğuladığı kimi, “Məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq". Bu fikirlər onun əyani sübutudur ki, enerji təhlükəsizliyinin təmin olunması üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında koordinasiya və qarşılıqlı əməkdaşlıq olduqca vacibdir”, - o vurğualyıb.
O əlavə edib ki, Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi və boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz çatdıran dövlətə çevrilməsi təkcə ölkəmizin iqtisadi uğurlarından əlavə, eyni zamanda, geosiyasi təsir imkanını artırır: “Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazını alması, Almaniya və Avstriyanın da bu siyahıya qoşulması ölkənin Avropanın enerji təhlükəsizliyində strateji mövqeyini möhkəmləndirir.
Avropa ölkələri alternativ enerji mənbələrini sürətlə inkişaf etdirsələr də, qaz hələ də iqtisadiyyatın dayanıqlı fəaliyyəti üçün vacib enerji daşıyıcısıdır. Azərbaycan isə bu tələbatı qarşılayaraq Avropa bazarında etibarlı tərəfdaş imicini formalaşdırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Bu ifadə Azərbaycanın ixrac strategiyasının həm istehlakçılar, həm də istehsalçı ölkə üçün qarşılıqlı faydaya əsaslandığının bariz nümunəsidir. Məsələyə analitik yanaşdıqda görürük ki, Avropaya qaz ixracatı bir neçə mühüm perspektiv açır. Birincisi, Azərbaycanın bazar şaxələndirmə strategiyası sayəsində Avropa ölkələrinə enerji çatdırılması üçün yeni marşrutlar formalaşdırılır. İkincisi, ölkənin qaz hasilatı artımı ilə paralel olaraq ixrac həcmində də artım gözlənilir. Üçüncüsü, Avropa ölkələri ilə uzunmüddətli müqavilələr ölkəmizin ixrac sabitliyini təmin edir, bazar dəyişikliklərindən doğan riskləri azaldır. Xüsusilə diqqət çəkən bir nüans da Suriyaya qaz ixracı məsələsidir. Sözsüz ki, bu ölkəyə 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının çatdırılması region üçün həm humanitar, həm də strateji əhəmiyyət daşıyır. Suriyada mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılması üçün atılan bu addım Azərbaycanın enerji diplomatiyasında yeni bir mərhələyə keçdiyini göstərir. Burada enerji həm iqtisadi resurs kimi, həm də sabitlik və inkişaf aləti olaraq istifadə olunur.
Bu balanslı mövqe Azərbaycanın enerji siyasətinin praqmatik və mərhələli olduğunu göstərir.
Əlbəttə, Azərbaycanın enerji strategiyası yalnız hasilat və ixracdan ibarət deyil. Bir sözlə, Qazaxıstan və Türkmənistan neftinin tranzitində artan rol, Türkiyə və Serbiyada elektrik stansiyalarına investisiya, Aralıq və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq neftayırma gücünün formalaşdırılması ölkəni inteqrasiya olunmuş enerji oyunçusuna çevirir. Bu model uzunmüddətli perspektivdə dayanıqlılıq yaradır, çünki dəyər zəncirinin müxtəlif mərhələlərində iştirak imkanını təmin edir. Ümumilikdə, Bakıda səslənən mesajlar göstərir ki, Azərbaycan enerji siyasətində paralel üç xətti davam etdirir: etibarlı təchizatçı imicinin qorunması, bazar və marşrut şaxələndirilməsi, yaşıl transformasiya ilə ənənəvi resursların balansı. Suriyaya qaz ixracı isə bu strategiyanın ən aydın nümunəsidir, yəni, enerji həm iqtisadi, həm geosiyasi, həm də humanitar alət kimi istifadə olunur. Enerji diplomatiyası, hasilat planları, yaşıl enerji təşəbbüsləri və humanitar ixrac siyasəti birləşərək, Azərbaycanı yaxın onillikdə Avrasiya enerji sistemində əsas aktorlardan birinə çevirəcək, regionun enerji sabitliyinə və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verəcək. Beləliklə, dövlətimiz yalnız resurs istehsalçısı kimi yox, dayanıqlı inkişaf və strateji əməkdaşlıq modelini formalaşdıran region liderinə çevrilir”.
Mürtəza