İran İsrailə ciddi problemlər yarada bilər və bu istisna deyil.
Azreform.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İranın nə qədər hərbi silahı qaldığını bilmirəm... Lakin, İran raketləri və dronlarından ciddi şəkildə istifadə edərsə, İsraili həqiqətən narahat edə bilər”, - nazir Fidan qeyd edib.
Onun fikrincə, İsrail və ABŞ İranı gələcək üçün təhlükə kimi aradan qaldırmaq istəyəcəklər.
Hakan Fidanın sözlərinə görə, müharibənin qarşısını almağa çox çalışdıq, hətta müharibənin başlamasını da gecikdirdik. “Əslində, müharibə daha tez başlayardı. Biz bu səylərlə onu bir qədər gecikdirdik. Bəlkə də bu, həll yoluna gətirib çıxara bilərdi, amma onlar köhnə üsula qayıtmağı üstün tutdular. Yenə də bu müharibə danışıqların ortasında başladı”, - o vurğulayıb.
Fidan hesab edir ki, proseslərin bu cür inkişafı, həm regionumuzun gələcəyini, həm də qlobal sabitliyi təhlükə altına ala bilər: “İranın bölgədəki ərəb ölkələrindəki ABŞ bazalarını birbaşa hədəfə alması bu addımların daha böyük regional təhlükəsizlik böhranına çevrilmə ehtimalını artırır. Digər bir məsələ Hörmüz boğazıdır. Boğazın bağlanması qlobal maliyyə və enerji bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb ola bilər. Bu, ABŞ-ı tez bir zamanda tədbir görməyə məcbur edə bilər".
İsrailin bu prosesdəki roluna gəldikdə Hakan Fidan deyib ki, Netanyahu, əlbəttə İran təhlükəsinin həm bu gün, həm də gələcək üçün aradan qaldırılmasını istəyir: “İndi o, imkanlardan kənara çıxaraq İranda rejimi dəyişmək istəyir və onun belə bir məqsədi var" .
Fidan əlavə edib ki, hazırki məqamda İran xalqı arasında rejim dəyişikliyinə səbəb olacaq bir iğtişaş dalğası görünmür.
Hakan Fidan qeyd edib ki, regionu bürüyən qeyri-sabitlik mühitinin yaradılması irandan və Körfəz ölkələrindən enerji idxalının əhəmiyyətli dərəcədə kəsilməsi qlobal enerji təchizatı təhlükəsizliyi üçün ciddi risk yarada bilər.
Mürtəza