Qastroenteroloq Saura Sethi gündəlik rasionda yer alan bəzi adi məhsulların sağlamlıq üçün zərərli ola biləcəyini bildirib.
Azreform.info xəbər verir ki, o, orqanizmi hiss olunmadan zəhərləyə bilən qidalar barədə “Mirror” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, qida məhsulları arasında ən çox pestisid qalığı çiyələkdə olur. Həkim izah edib ki, meyvələrdə qalan pestisidlər hormonların ifrazına təsir göstərə və orqanizmdə toplanaraq sağlamlığa mənfi təsiri gücləndirə bilər.
O, həmçinin bildirib ki, butulka sularında çoxlu miqdarda mikroplastik hissəciklər mövcuddur. Bu hissəciklərin mədə-bağırsaq sisteminə potensial mənfi təsiri hələ də araşdırılır.
Sethi konservləşdirilmiş balığı da riskli hesab edir. Onun sözlərinə görə, bu məhsullarda ağır metallar ola bilər və tez-tez istifadə edildikdə beyin və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bundan əlavə, həkim kanserogen birləşmələr ehtiva edən çipslərin həddindən artıq istehlakından, bağırsaq mikrobiomuna mənfi təsir edən ultra emal olunmuş ətlərdən və süni rəngləndiricilər olan konfetlərindən uzaq durmağı tövsiyə edib.
“Burada məsələ qorxu yaratmaq deyil, məlumatlı olmaqdır. Zərərli maddələrin mənbəyini bildikdən sonra bağırsağı, qaraciyəri, hormonları və ümumi sağlamlığı uzunmüddətli perspektivdə qoruyan qida seçimləri etmək daha asan olur”, – deyə qastroenteroloq yekunlaşdırıb.
Həmidə İbrahimova