Məlum olduğu kimi, Yaxın Şərqdə gərginlik yenidən artıb. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaması bölgədə uzun müddətdir davam edən “kölgə qarşıdurmasını” açıq fazaya keçirib.
Bu proses isə təkcə region ölkələri üçün deyil, qlobal təhlükəsizlik mühiti baxımından da mühüm əhəmiyyət daşıyır.
Dünya Üçüncü Dünya müharibəsinin astanasındadır?
Mövzu ilə bağlı Azreform.info -a danışan politoloq Samir Hümbətov bildirib ki, bu müharibə uzunmüddətli proksi qruplar üzərindən aparılırdı.
Onun fikrincə, sadəcə olaraq, dövlətlər qarşı-qarşıya gəlmirdilər:
"Nəhayət, ötən ilin iyun ayında İsrailin İrana hücumu ilə bu proses yeni müstəviyə keçdi. Əlbəttə, bu, birinci mərhələ idi və gözlənilirdi ki, İsrail-İran qarşıdurmasının ciddi mərhələsi olacaq. Amma Amerika Birləşmiş Ştatlarının bu məsələyə qarışması artıq müharibəni regionaldan qlobal müstəviyə keçirir. Bu da təbii ki, ciddi proseslərin başlanğıcıdır.
İranın Çinlə və Rusiya ilə strateji əməkdaşlıq müqavilələrinin olması o deməkdir ki, həmin ölkələrin istənilən vaxt müharibəyə qoşulma ehtimalını ortaya qoya bilir. Amma mən hesab edirəm ki, nə Çin, nə də Rusiya indiki vəziyyətdə bu müharibəyə qoşulmaq istəmir. Lakin arxa fondan İrana dəstək vermələri açıq-aşkar görünür. Düzdür, bunu bəyanatda ifadə etmirlər, amma logistik baxımdan, hərbi silah-sursat baxımdan, yeni texnoloji imkanlar baxımından İrana dəstək vermələri görünür.

O baxımdan düşünürəm ki, əgər çox məcbur etsələr, həm Amerika, həm də deyək ki, İsrail bu yeni qarşıdurmada artıq onlar bu müharibəyə girə bilərlər. Onsuz bu, üçüncü dünya müharibəsinin daha yeni formada aparılmasıdır. Əvvəllər cəbhə savaşları gedirdisə, indi artıq yeni texnologiyalarla, yeni formal müharibələr, yeni nəsil müharibələr aparılır. O baxımdan düşünürəm ki, bu, artıq Üçüncü Dünya müharibəsidir. Astanasında deyilik, içərisindəyik. Üçüncü dünya müharibəsinin gedişidir".
Həmidə İbrahimova