"Xiaomi" şirkəti öz təşəbbüsü ilə birinci nəsil təxminən 370 min ədəd "Xiaomi SU7" elektromobilini geri çağırmalıdır.
Azreform.info xəbər verir ki, bu barədə "Yicai" nəşri məlumat yayıb.
Səbəb yol-nəqliyyat hadisəsindən sonra elektrik enerjisi kəsildiyi halda sıradan çıxa bilən, potensial təhlükə yaradan qapı tutacaqlarıdır.
Araşdırmaya səbəb 13 oktyabr 2025-ci ildə Sıçuan əyalətində baş vermiş qəza olub. Hadisə zamanı alışan "Xiaomi SU7 Ultra" avtomobilində sürücü həlak olub. Xilasedicilər tutacaqlardakı nasazlıq səbəbindən qapıları aça bilməyiblər. Ekspertlər bildiriblər ki, mexaniki xarici tutacaqların olması xilas şansını artıra bilərdi.
Çində 1 yanvar tarixindən qüvvəyə minən "GB 48001-2026" milli standartı avtomobillərin mütləq mexaniki xarici və daxili qapı tutacaqları ilə təchiz olunmasını tələb edir. Bundan əlavə, xarici tutacaqlar tamamilə gizlədilmiş formada olmamalıdır.
"Xiaomi" artıq yeni "SU7" modellərində və "Xiaomi YU7" krossoverində toqquşma zamanı tutacaqları mexaniki kilid bağlantısına keçirən sistemi tətbiq edib. Lakin birinci nəsil avtomobillər hələ də istismardadır və təhlükəsizlik baxımından ciddi risk yaradır.