Zəhərlənmənin əsas səbəblərindən biri - Hamının aldığı qida

14
Fev
2026
10:35

Açıq şəkildə satılan salatlar illərdir alıcıların diqqətini cəlb edir. Parlaq görünüş, hazır təqdimat və vaxt qənaəti bu məhsulları cəlbedici göstərir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, görünənlə görünməyən risklər arasında ciddi fərq var.

Azreform.info -ın məlumatına görə,keyfiyyət üzrə mütəxəssis Pərvin İbrahimova bildirir ki, açıq satışda təqdim olunan salatlar qida zəhərlənmələrinin əsas səbəblərindən biri hesab olunur. Onun sözlərinə görə, insanlar açıq satılan salatı çox vaxt evdə hazırlanmış kimi qəbul edirlər, amma reallıq fərqlidir: “Evdə salatı kim hazırlayır, nə vaxt doğranır və necə saxlanılır – hamısı bəllidir. Açıq satışda isə bu zəncir görünmür və risk də məhz burada başlayır. İnsanlar adətən təzə görünüşə aldanır, təhlükə isə gözlə görünmür”.

Mütəxəssis qeyd edir ki, gün ərzində onlarla insanın yaxınlığında qalan, eyni qaşıqla dəfələrlə servis edilən salatlar potensial təhlükə mənbəyinə çevrilə bilər: “Üzərinə öskürülməsi, asqırılması, əl təması və soyuq zəncirin qırılması bakteriyalar üçün ideal mühit yaradır. Bu proses səssiz gedir, amma nəticəsi ağır ola bilir”.

Pərvin İbrahimovanın sözlərinə görə, ən riskli məqam isə zəhərlənmənin səbəbinin çox vaxt gec müəyyən edilməsidir: “İnsan səbəbi başqa yeməkdə axtarır, açıq salat isə arxa planda qalır. Halbuki termiki emal görməyən məhsullarda məsuliyyət ikiqat olmalıdır. Məsələ salatı sevməmək deyil, riski dərk edib ona uyğun davranmaqdır”.

Miri
Azreform.info