“Cənubi Qafqaz uzun illərdir ki, regional qarşıdurma və geopolitik maraqların toqquşduğu bir məkandır. Burada müxtəlif güc mərkəzləri öz təsir dairələrini qorumağa çalışır, Azərbaycan və Ermənistan arasında uzunmüddətli düşmənçilikdən yararlanaraq bölgədə hegemonluq arzularını gerçəkləşdirməyə çalışırdılar. Lakin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti bu modeli dəyişdirib. Onun rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində sistemli və uğurlu addımlar atır”.
Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın son illərdəki siyasəti konkret nəticələr verir. “Müharibədən sonrakı mərhələdə bölgədə sülhün təmin edilməsi, hərbi cinayətkar və separatçıların ədalət məhkəməsi qarşısına çıxarılması, sərhəd və nəqliyyat xətlərinin açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi bu siyasətin əsas sütunlarını təşkil edir. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni reallıqdır. Dayanıqlı sülh və inteqrasiya perspektivi bəzi güclər üçün isə həzmolunmazdır”, - o vurğulayıb.
Deputat deyib ki, onilliklər boyu iki xalq arasında davam edən düşmənçilikdən faydalanan xarici dairələr, xüsusilə Rusiyadakı ermənipərəst qüvvələr, Azərbaycanın regionda sabitlik yaratmaq siyasətinə qısqanclıqla yanaşırlar: “Məsələn, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə münasibətlər komitəsinin sədr müavini Konstantin Zatulinin müharibə cinayətkarlarını və separatçıları müdafiə etməsi təsadüfi deyil. Bu, Azərbaycanın uğurlu siyasətinin və regionda yeni güc balansının bəzi dairələr tərəfindən rədd edilməsinin açıq nümunəsidir. Zatulinin müdafiə etdiyi qüvvələr, bir zamanlar Kreml vasitəsilə Azərbaycanın ərazilərində işğal siyasətini həyata keçirən, bölgədə qarşıdurmanı qoruyan aktorların davamçılarıdır. Lakin Azərbaycan bu siyasətə son qoyub: hərbi cinayətkar və separatçılar məsuliyyətə cəlb edilib, ədalət məhkəməsi qarşısında layiqli cəza alıblar. Azərbaycan məhkəmələrinin bu prosesdə nümayiş etdirdiyi ədalət və humanizm nümunəsi bölgədə hüququn aliliyini göstərir.
Bölgədəki sabitliyin təmin olunması istiqamətində atılan addımlar artıq konkret nəticələr verir. Azərbaycan və Ermənistan arasında imzalanan ilkin sülh sənədi, həmçinin yekun sülh sənədinə doğru irəliləyən proseslər dayanıqlı təhlükəsizlik və inteqrasiya perspektivini gücləndirir. Bu proses yalnız hərbi və siyasi yox, eyni zamanda iqtisadi və nəqliyyat sahəsində də əməkdaşlıq imkanlarını açır.
Lakin bəzi xarici və regional güclər bu reallığı qəbul etmək istəmir. Onlar uzun illər boyunca bölgədə tətbiq etdikləri imperiya siyasətinin iflasını görür və narahat olurlar. İndi onların arzuları puç olur, əllərindəki təsir mexanizmləri zəifləyir. Zatulinin və ona bənzər qüvvələrin təşəbbüsləri, separatçılara verdikləri dəstək, dezinformasiya kampaniyaları bu məhz uğursuz cəhdlərin göstəricisidir. Onlar hələ də bölgədə ağalığını qorumaq, təsir dairəsini genişləndirmək istəyirlər, lakin bu arzular reallıqla uzlaşmır”.
Deputat əlavə edib ki, Azərbaycanın uğurlu siyasəti isə davam edir: “Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi nəticəsində regionda sabitlik və inteqrasiya istiqamətində atılan addımlar qalib gəlir. Cənubi Qafqaz artıq eskalasiya və qarşıdurma məkanından əməkdaşlıq və inkişaf mərkəzinə çevrilməkdədir. Bu yeni reallıq bölgədəki istənilən xarici aktorun planlarını əngəlləyir və Azərbaycanın regional liderliyini möhkəmləndirir.
Nəticə etibarilə, Azərbaycanın siyasəti yalnız öz maraqlarını deyil, regionun təhlükəsizliyini, sabitliyini və iqtisadi inkişafını təmin edir. Cənubi Qafqazda yeni sülh və inteqrasiya mərhələsi başlayıb və bu mərhələ Prezident İlham Əliyevin liderliyi ilə daha da güclənəcək. Xarici dairələrin narahatlığı və bu cür “hərəkətləri” iflasa uğrayacaq. Biz yaxın gələcəkdə Cənubi Qafqazda dayanılıq sülhün, təhlükəsizliyin, sabitliyin, əməkdşalığın məkanına çevriləcəyinin şahidi olacağıq”.
Mürtəza