Radikal müxalifətin həqiqi siması: məsuliyyətli siyasətə çağırış

3
Dek
2025
22:03

Son dövrlərdə Azərbaycan siyasi səhnəsində özünü “radikal alternativ” kimi təqdim edən bəzi şəxslər – başda Əli Kərimli və onun kuratoru, “Xaç atası” olan Ramiz Mehdiyev – cəmiyyətə hansı ideya və məqsədlərlə çıxış etdiklərini açıq şəkildə göstərmiş olurlar. Onların fəaliyyət istiqamətləri, ritorikası və gündəm yaratma cəhdləri artıq ölkə üçün ciddi siyasi risk amili kimi qiymətləndirilir və bu barədə ictimaiyyətin dolğun məlumatlandırılması vacibdir.

Radikal müxalifət nümayəndələri şəxsi revanş hisslərini və siyasi ambisiyalarını milli dövlətçilik maraqlarından üstün tuturlar. Onların bəyanat və addımları milli birliyi pozur, dövlətçilik ənənələrini zəiflədir, daxildə qarşıdurma yaratmağı əsas vasitəyə çevirir, eyni zamanda iplərini xarici havadarlarının əlinə verirlər 

Azərbaycanın gələcək inkişafı şəxsi siyasi məhəllələrdə yox, milli həmrəyliyə əsaslanan strateji yolda mümkündür.

Hadisələrin təhlili göstərir ki, bu qrupun milli qərarverməni deyil, xaricdən gələn mesajları prioritet hesab edir.

Azərbaycanın daxili siyasi proseslərinə kənardan yön verilməsi cəmiyyətimiz tərəfindən heç vaxt qəbul edilməyib və bundan sonra da qəbul edilməyəcək.

Radikal müxalifət problemləri yalnız siyasiləşdirir, həll yolları təklif etmir, real dövlət idarəçiliyindən və məsuliyyətdən qaçır.

Onların mövcud modelinin mahiyyəti sadədir: nə qədər pis olsa, bir o qədər yaxşıdır – yalnız öz siyasi məqsədləri üçün.

Qısa müddətli sensasiyalar, manipulyativ çağırışlar və sosial şəbəkə üzərindən təxribatçı ritorika radikal müxalifətin əsas “siyasi texnologiyasıdır”.

Reallıqdan uzaq, dövlətin maraqlarını nəzərə almayan bu yanaşma cəmiyyəti çaşdırır emosional gərginlik yaradır, sosial etimad institutlarına zərbə vurur.

Bu qrupun bir çox üzvü zamanında ölkəyə heç nə qazandırmayıb, əksinə destruktiv addımlarla inkişafın qarşısını alıb.

Buna baxmayaraq, illər keçdikcə, nə səhvlərini etiraf edirlər, nə də yeni dövrün tələblərinə uyğunlaşa bilirlər. 

Hər dəfə eyni köhnə ritorika, eyni köhnə iddialar – sanki bunların təfəkkürü hələ də doxsanıncı illərdə qalıb.

Bu gün Azərbaycan xalqı radikal müxalifətin hansı dairələrə bağlı olduğunu, hansı məqsədləri güddüyünü, cəmiyyətə nə verə biləcəyini çox yaxşı anlayır.

Hesab edirəm ki, xalqımız üçün prioritetlər tam aydındır:

-birlik və sabitlik,

-realist və milli maraqlara əsaslanan siyasət,

-inkişaf və sosial rifah,

-müstəqil dövlətçilik kursunun qorunması.

Radikal müxalifət isə bu dəyərlərin heç birinə uyğun gəlmir və öz fəaliyyəti ilə milli rifah yolunda maneəyə çevrilir.

Azərbaycanın gələcəyi radikal çağırışlarda deyil, dövlətçilik təcrübəsi, milli həmrəylik və məsuliyyətli siyasətdədir.

Bu gün ölkəmizin qarşısında duran əsas vəzifə — inkişafı, sabitliyi və müstəqilliyi qorumaqdır.

Məhz buna görə Azərbaycan cəmiyyəti populizmə yox, real, ciddi və peşəkar siyasətə səs verir.

Fuad Əliyev

Prezidentliyə eks-namizəd