“Son günlər verdiyi açıqlamalarla rezonansa səbəb olan “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun bəyanatları əslində yalnız şəxsi fikir deyil, Moskvanın Cənubi Qafqazla bağlı strateji mesajının açıq şəkildə səsləndirilməsidir. Venediktovun “Qarabağ müharibəsi bitməyib”, “Rusiya üçün məsələ qapanmayıb” fikirləri, eləcə də Oleq Kaşinin təxribatçı çıxışları Kremlin “liberal” etiketli, lakin imperiya düşüncəli çevrələrinin aktivləşməsini göstərir”.
Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Onun fikrincə, bu çağırışların fonunda regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı, Azərbaycanın tam suverenliyinin artıq rəsmən və faktiki olaraq bərpa edildiyi bir şəraitdə Moskvanın bu cəhdlərinin məqsədləri aydın görünür:
“ Venediktovun “CivilNet”ə müsahibəsində dediyi əsas tezislər bundan ibarətdir: Ermənistan–Azərbaycan müharibəsi bitməyib; Rusiya Qarabağ məsələsini qapatmayıb; Moskva özünə yaxın tərəf kimi hələ də erməniləri görür; Ruben Vardanyan kimi fiqurlar unudulmayıb.
Moskva öz rəsmiləri vasitəsilə demədiyini, “liberal”, “müstəqil”, “demokratik” imicinə malik şəxslərin dili ilə səsləndirir.
Bu, 200 illik siyasətin davamıdır və Cənubi Qafqazda təsir mexanizmini qorumağa xidmət edir.
Vardanyan Moskvanın planlı şəkildə regiona göndərdiyi layihə idi. Onun Azərbaycan tərəfindən həbs olunması Kremlin ambisiyasına ciddi zərbə oldu”.
O hesab edir ki, Rusiya bununla reallığı tam təhrif etməklə bölgədə sülhü pozmağa, öz təsir imkanlarını saxlamaq, regionu yenidən alovlandırmaqdır. “Bu məqsədlə “liberal” imicli jurnalistlərin səsləndirdiyi fikirlər əslində Kremlin “yumşaq güc” aləti kimi istifadə edilir. Amma nə Rusiya, nə də başqa bir güc Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişdirmə gücünə malik deyil”, - o vurğulayıb.
İ. Yusifov bildirib ki, regionda tamamilə yeni reallıq mövcuddur və burada Rusiyanın nostalji bəyanatlarına yer yoxdur:
“Bugünkü Cənubi Qafqaz reallığı aşağıdakı prinsiplərə əsaslanır:
Azərbaycan suverenliyi və ərazi bütövlüyü tam təmin edilib; Ermənistan regionda revanşizmə yol açmayan yeni siyasi kurs seçib; regional əməkdaşlıq modeli güclənir; nəqliyyat, enerji və təhlükəsizlik infrastrukturları Azərbaycanın liderliyi ilə formalaşır; Rusiya artıq prosesləri təkbaşına yönləndirmək gücünü itirib.
Beləliklə, Moskvanın ortaa atdığı köhnə narrativlər regional siyasi nizamı dəyişdirəcək gücdə deyil. Nəticə olaraq onu qeyd edə bilərik ki, Cənubi Qafqaz yeni mərhələyə qədəm qoyub. Bölgədə artıq yeni təhlükəsizlik arxitekturası formalaşmaqdadır ki, bu da özündə dayanıqlı sülhü, iqtisadi əməkdaşlığı, bərabərhüquqlu qonşuluğu və suverenliyi ehtiva edir. Odur ki, Moskvanın artıq bölgə ilə bağlı keçmişi xiffət etməsinin yeri yoxdur.
Rusiya bölgə ölkələri ilə ancaq bərabərhüquqlu şəkildə ölkələrin suveren hüquqlarına hörmət əsasında əməkdaşlıq münasibəti qura bilər”.
Mürtəza