"Napoli" ilə qarşılaşan "Qarabağ"dan qənaət iddialarına REAKSİYA

26
Noy
2025
17:42

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli” ilə qarşılaşan “Qarabağ” futbol klubu ilə bağlı sosial şəbəkələrdə iddia yayılıb.

Azreform.info xəbər verir ki, idman xəbərləri ilə bağlı paylaşım edən səhifələrdən biri Ağdam təmsilçisinin "qənaət üçün" fotoqrafını Neapol şəhərinə aparmadığını yazıb.

Həmin fotoqrafın da öz büdcəsi ilə "Galatasaray - USG" oyunu çəkməyə İstanbula yollandığı bildirilib.

Bununla belə, “Qarabağ”ın sosial şəbəkə səhifələrində oyundan öncə və matç zamanı çəkilmiş fotolar yayımlanıb.

Azreform.info məsələyə aydınlıq gətirmək üçün “Qarabağ” FK-nın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında klubun öz işini planlı şəkildə qurduğunu və fotolarla bağlı hər hansı bir problem yaşanmadığını söyləyib:

“Bu adamlar müəyyən mənada “Qarabağ”ın adından istifadə edib səhifələrini reklam edirlər.

Biz işlərimizi düzgün şəkildə planlamışıq. Heyətimizdə fotoqraf və digər istiqamətlərdə çalışan media nümayəndələri səfərə gedib. Həm U-19 oyunundan həm də əsas komandanın oyunundan yetərincə foto materiallar paylaşılıb. Bu barədə hər hansı bir problemimiz olmayıb”, - deyə o əlavə edib.

Billurə