Yuxusuzluqdan əziyyət çəkirsinizsə, yataqda 20 dəqiqədən çox uzanmayın.
Azreform.info "HuffPost"a istinadla xəbər verir ki, bu barədə somnoloq Lindsi Brauning və yuxu mütəxəssisi Nil Stenli gecə yarısı qəfil oyanmalar və bunun səbəb olduğu yuxusuzluqla mübarizə üçün bir neçə qaydanı açıqlayıblar.
Brauningə görə, gecənin ortasında qəfil oyanan və yenidən yata bilməyən insanlar 20 dəqiqədən çox yataqda oyanıq vəziyyətdə qalmamalıdır. Onun fikrincə, qalxıb başqa bir işlə məşğul olmaq daha yaxşıdır, məsələn, kitab oxumaq və ya təmiz paltarı qatlamaq. Bu sadə fəaliyyətlər beynin “yenidən yüklənməsinə” kömək edir və stresin qarşısını alır.
Həkim həmçinin qəfil oyanma zamanı saatı yoxlamamağı məsləhət görür. Çünki nə qədər vaxt qaldığını hesablayaraq narahat olmaq yuxuya getməyi daha da çətinləşdirir. Eyni səbəbdən yataqda uzanaraq xəbər lentini oxumaq və ya telefonda oyun oynamaq da doğru deyil.
Yuxu mütəxəssisi Stenli isə qeyd edir ki, yuxusuzluqdan əziyyət çəkən insanlar gecə oyanmalarına görə özlərinə qarşı daha anlayışlı olmalıdırlar. Onun sözlərinə görə, narahatlıq problemi yalnız ağırlaşdırır və insanın daha tez yuxuya getməsinə kömək etmir.
Həmidə İbrahimova