"Şizofreniyası olan insanlar “mən” əvəzliyindən həddindən artıq çox istifadə edirlər".
Azreform.info "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı psixiatr Vladimir Skavış danışıb.
O, yeni araşdırma zamanı alimlər tərəfindən aşkar edilmiş şizofreniyanın gözlənilməz əlamətini açıqlayıb.
Həkimin sözlərinə görə, araşdırma göstərib ki, şizofreniyası olan insanlar sağlam insanlarla müqayisədə “mən” əvəzliyindən xeyli daha tez-tez istifadə edirlər: “Bu faktın izahlarından biri şizofreniyası olan şəxsin özünə həddindən artıq yönəlməsi ilə bağlıdır. O, sözün əsl mənasında öz düşüncələrinə və hisslərinə köklənir və bu da nitqində özünü göstərir”.
O həmçinin qeyd edib ki, şizofreniyası olan insanlarda başqa nitq çətinlikləri də tez-tez müşahidə olunur: qrammatika pozuntuları, söz seçimi və kontekstə uyğunluq problemləri, bağlayıcı və köməkçi sözlərdən anormal istifadə və s. Lakin məhz “mən” əvəzliyinin həddindən artıq işlədilməsi ən davamlı və ölçülə bilən göstərici hesab edilib.
Həkimin fikrincə, bu kəşf şizofreniyanın diaqnostikasında mühüm rol oynaya bilər. Bu, şizofreniyanı depressiya əlamətlərindən ayırmağa kömək edəcək. Həmçinin bu göstərici risk qrupunda olan gənclər və yeniyetmələrdə şizofreniyanı aydın simptomlar ortaya çıxmadan əvvəl müəyyən etməyə imkan verəcək.
Həmidə İbrahimova