Fuad Əliyev: Bakıda taksilərə limit qoymaq düzgün deyil — 25 min taksi bu şəhər üçün çox azdır

14
Okt
2025
22:09

Azərbaycan Müstəqil Həmkarlar Birliyinin sədri Azreform.info-ya müsahibəsində bildirdi ki, taksilərə qoyulan məhdudiyyət bazarın inkişafına, rəqabətə və vətəndaşların rahatlığına mənfi təsir göstərəcək.

Son günlərdə Bakıda taksilərin sayı üçün 25 minlik limit tətbiq olunacağı xəbəri geniş müzakirə doğurub.

Bəzi ekspertlər bu addımı xidmətin keyfiyyətinin artırılması kimi qiymətləndirsə də, bir çoxları hesab edir ki, bu qərar nəqliyyatda süni qıtlıq yaradacaq.

Məsələ ilə bağlı Azreform.info-ya danışan Azərbaycan Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev qərarı tənqid edib və bildirib ki, bu, nə iqtisadi, nə də sosial baxımdan əsaslı deyil.

“Bakı üçün 25 min taksi çox azdır”

Fuad Əliyev:

“Mən bu qərarı düzgün hesab etmirəm. Ümumiyyətlə, bazar şəraitində limit qoymaq yanlışdır. Bakı kimi böyük və sürətlə böyüyən bir şəhər üçün 25 min taksi çox azdır.”

O qeyd edib ki, bu rəqəm paytaxtın real ehtiyaclarını qətiyyən əks etdirmir:

“Sovet dövründə Bakıda yeddi taksopark fəaliyyət göstərirdi və ümumilikdə təxminən 25 min taksi işləyirdi. O vaxt nə şəhərin həcmi indiki qədər idi, nə də əhalinin sayı. İndi Bakı bir neçə dəfə böyüyüb, əhali milyonlarla artıb, hərəkət tələbatı da çoxalıb. Belə olan halda eyni sayda taksi ilə bu tələbi qarşılamaq mümkün deyil.”

“Limit bazarda rəqabəti öldürəcək”

Həmkarlar İttifaqları sədrinin sözlərinə görə, limitin tətbiqi bazarın təbii inkişafına mane olacaq:

“Limit qoymaq bazarın iqtisadi mexanizmlərini pozur. Rəqabət azalır, qiymətlər qalxır, sərnişinlərin seçim imkanı məhdudlaşır. İnsanlar saatlarla taksi tapa bilməyəcək, çünki lisenziyalar məhduddur. Halbuki bazarda rəqabət nə qədər çox olsa, xidmətin keyfiyyəti də bir o qədər yüksəlir.”

“Aeroport taksiləri ilə bağlı qaydalar da səhv addım idi”

Fuad Əliyev xatırladıb ki, daha əvvəl hava limanı taksiləri üçün qəbul edilən qaydalar da düzgün qərar olmayıb:

“Bu məsələni də mən dəfələrlə demişəm. Hava limanında tətbiq edilən qaydalar sərnişinlərin və sürücülərin maraqlarını nəzərə almır. Bəzi şirkətlərə üstünlük verilməsi bazarda ədalətli rəqabətə zərbə vurur. Nəticədə sərnişin daha çox pul ödəyir, sürücü isə işləmək imkanı tapmır. Qaydalar şəffaf və bərabər prinsiplər üzərində qurulmalıdır.”

“Çıxış yolu — limitin ləğvi və şəffaf sistemin yaradılmasıdır”

“Mənim fikrimcə, bu vəziyyətdən çıxış yolu çox sadədir: limit tamamilə ləğv edilməlidir. Onun əvəzində şəffaf qeydiyyat sistemi və keyfiyyət standartları tətbiq olunmalıdır. Kim keyfiyyətli, təhlükəsiz və qanuni fəaliyyət göstərirsə, o, işləyə bilməlidir. Süni məhdudiyyətlər yox, ağıllı tənzimləmə vacibdir.”

“Hökumət bu məsələləri ictimai müzakirəyə çıxarmalıdır”

Sonda Fuad Əliyev dövlət qurumlarına və cəmiyyətə çağırış edib:

“Mən aidiyyəti dövlət qurumlarına müraciət edirəm ki, bu limiti yenidən nəzərdən keçirsinlər. Qərarlar masa arxasında deyil, real vəziyyətə baxaraq qəbul edilməlidir. Bizim məqsədimiz həm sürücünü, həm də sərnişini qorumaqdır.

Hökumət bu məsələni ictimai müzakirəyə çıxarmalıdır. Qərarlar cəmiyyətin iştirakı ilə qəbul olunarsa, həm vətəndaşların, həm də bu sahədə çalışan insanların maraqları daha ədalətli şəkildə qorunar.”