Kommunal müqavilələrdə kim aldadılır: vətəndaş, yoxsa dövlət?

13
Okt
2025
10:10

Yeni il yaxınlaşır, köhnə problemlər qalır

İlin sonu və yeni təqvim ilinin başlanğıcı adətən kommunal xidmət qurumlarının vətəndaşlarla növbəti illik müqavilələr imzalaması ilə müşahidə olunur. Amma sual yaranır: bu müqavilələrdə kim daha çox zərər görür — vətəndaş, yoxsa dövlət?

İstehlakçı hüquqları aydın deyir: vətəndaş məlumat almağa borcludur

Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, “hər bir istehlakçının ona təqdim olunan mal və ya xidmət haqqında tam məlumat almaq hüququ vardır.” Bu, o deməkdir ki, vətəndaş aldığı qaz, su və elektrik enerjisi barədə tam, şəffaf və dəqiq informasiya əldə etməlidir — xidmətin təzyiqi, tərkibi, keyfiyyəti və digər texniki göstəricilər daxil olmaqla.

Mülki Məcəllənin tələbi: pozuntu varsa, əqd etibarsızdır

Azərbaycan Respublikasının Mülki Məcəlləsində isə açıq şəkildə yazılıb: “Əqd bağlanarkən tərəflərdən biri qanun pozuntusuna yol verərsə, bu əqd etibarsız sayılır.” Yəni, əgər müqavilə tərəfləri arasında öhdəliklər qeyri-bərabər və ya qeyri-şəffaf şəkildə müəyyənləşdirilibsə, həmin müqavilə hüquqi baxımdan sual altına düşür.

“Azəriqaz” müqavilələrində boşluqlar

“Azəriqaz”ın əhali ilə bağladığı müqavilələrdə vətəndaşın öhdəlikləri ətraflı göstərilsə də, qurumun vətəndaşa təqdim etdiyi qazın təzyiqi və tərkibi barədə məlumat yer almır. Əvəzində, sənədlərdə qazın təzyiqi müəmmalı şəkildə “nominal” vahidi ilə qeyd edilir — bu isə beynəlxalq ölçü sistemlərində qəbul olunmuş rəsmi göstərici deyil. Qazın həcmi və keyfiyyəti ilə bağlı konkret məlumatın olmaması isə Mülki Məcəllənin tələblərinə görə, bu müqavilələrin etibarlılığını şübhə altına alır.

“Azərsu”da da eyni mənzərə

“Azərsu” ASC-nin müqavilələrində də oxşar vəziyyət müşahidə olunur. Müqavilələrdə suyun təzyiqi ilə bağlı heç bir göstərici yoxdur. Binalarda yaşayanlar suyu müəyyən təzyiqlə alsalar da, həyət evlərində yaşayan vətəndaşlar çox vaxt suyun zəif axını səbəbindən əlavə nasoslar quraşdırmalı olurlar. Bu isə həm avadanlıq, həm də elektrik enerjisi üçün əlavə xərc deməkdir.

Büdcə vətəndaşın əvəzinə nə ödəyir?

Əgər dövlət büdcəsində əhaliyə təzyiqli suyun verilməsi üçün vəsait ayrılırsa, amma bu xidmət realda göstərilmirsə, sual yaranır:

Bu vəsait hara yönəlir?

“Azərsu” vətəndaşa bu xərci kompensasiya etmir, lakin dövlət büdcəsindən həmin məbləğ xidmət göstərilmiş kimi silinir. Bu vəziyyət həm dövlət üçün, həm də vətəndaş üçün ikiqat itki yaradır.

Nəzarət orqanları niyə susur?

Büdcədə “yırtıq” axtaran nəzarət qurumları, görünür, bu sahədəki boşluqlara göz yumurlar. Halbuki, vətəndaşın ödədiyi hər manat və dövlətin ayırdığı hər quruşun ünvanı dəqiq olmalıdır.

Sual isə açıq qalır:

Kommunal müqavilələrdə şəffaflıq nə vaxt təmin olunacaq və vətəndaş nəhayət aldığı xidmətin real keyfiyyətini görəcək?

Əhməd Rəhmanov

Müstəqil Həmkarlar Birliyinin

sədr müavini