Ədalət Aynasına Baxmağın Qiyməti

24
Sen
2025
11:56

Hər bir dövlətin məhkəmə sistemi onun ədalət anlayışının aynasıdır. Azərbaycanda nəzəri olaraq məhkəməyə müraciət hər kəs üçün açıqdır. Amma praktikada maddi maneələr səbəbindən bu hüquqdan istifadə etmək hər kəs üçün mümkün olmur.

Məhkəməyə getməyin real xərcləri

Sadə bir mülki iş üzrə prosesə başlamaq üçün vətəndaşın qarşısına çıxan xərclər bunlardır:

İlkin hüquqi məsləhət: 30–50 manat

Vəkil xidməti (ilk instansiya üçün): təxminən 600 manat

Mediasiya: ən azı 61 manat

Qeyd edilməlidir ki, bir çox ölkələrdə könüllü xarakter daşıyan mediasiya Azərbaycanda bir çox işlər üzrə məcburidir. Bu prosesdə isə şəhid ailələri, qazilər və digər həssas qruplar üçün heç bir güzəşt nəzərdə tutulmur.

Sosial həssas qruplar üçün çıxılmaz vəziyyət

Məhkəmə xərcləri xüsusilə aztəminatlı vətəndaşlar üçün ciddi problemə çevrilir. Əmək hüquqları pozulan işçilər, ailədaxili zorakılığa məruz qalan qadınlar, qazilər, əlilliyi olan şəxslər çox vaxt hüquqlarını müdafiə edə bilmir.

Məsələn, Xətai Rayon Məhkəməsində 300 manat pensiya ilə yaşayan yaşlı bir qadın mediasiya və vəkil xərclərini eşidəndə göz yaşlarını saxlaya bilməmişdi. Onun dediyi kimi: “Bu pulu haradan tapım?”

Nəticə

Maddi baryerlər aradan qaldırılmadıqca və mediasiya həqiqətən könüllü olmadıqca, məhkəməyə çıxış yalnız imkanlıların əlində qalacaq. Bu isə sosial problemlərin daha da dərinləşməsi riskini artırır.

Ədalət hamı üçün əlçatan olmalıdır — bu, hüquqi dövlətin əsas şərtidir.

 

Əhməd Rəhmanov

Müstəqil Həmkarlar Birliyinin sədr müavini