ABŞ özünü dünya jandarmı kimi aparmaq siyasətinə son qoymalıdır

6
Yan
2024
15:35
ABŞ prezidentləri və dövlət katibləri özlərini reallıq hissini itirmiş və zamanın axarından geridə qalmış şəxslər kimi aparır. Onlara elə gəlir ki, ABŞ-ın dünyada təkbaşına, şəriksiz ağalıq dövrü hələ də davam etməkdədir və Birləşmiş Ştatlar özünü dünya jandarmı kimi, hegemon kimi aparmaq ixtiyarına sahibdir. Məhz bu cür yalnış düşüncənin, məsuliyyətsiz xarici siyasətin nəticəsidir ki, ABŞ Dövlət Departamenti özünün köhnə “ənənə”sinə uyğun olaraq hələ də insan haqları, mətbuat azadlığı, din azadlığı və sair məsələlərlə bağlı illik hesabatlar dərc edir və sırf ABŞ-ın geosiyasi maraqlarına uyğun olaraq bu və ya digər ölkənin adını hansısa “qara siyahı”lara salır, “şər oxu”na daxil edir.

Ağ Evin xarici siyasətini müəyyənləşdirənlər bu və ya digər ölkələrə sanksiyalar tətbiq etməklə rəsmən dünyanın ağası rolunda çıxış etməyə can atırlar. Prezident Co Bayden və ABŞ dövlət katibi Antoni Blinken sanki BMT-nin varlığını unudublar. Onlar Birləşmiş Millətlər Təşkilatının səlahiyyətlərini mənimsəyərək, onun əvəzindən ayrı-ayrı ölkələrə qarşı ultimatum dili ilə danışırlar. Antoni Blinkenin Çin, Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələrlə bərabər Azərbaycanın da adını din azadlığının və dindarlara qarşı dözümlülüyün pozulduğu ölkələrin siyahısına daxil etməsi ABŞ-ın hegemonluq siyasətinin tərkib hissəsidir.

Maraqlıdır, görəsən, ABŞ-a bu və ya digər ölkədə din azadlıqlarına dair vəziyyətin monitorinqini aparmaq səlahiyyətini, dünyada din azadlığının durumu ilə bağlı illik hesabatlar, “qara siyahl”lar hazırlamaq ixtiyarını kim verib? Bəlkə BMT bu ölkəni beynəlxalq arbitr təyin edib? Xeyr, dünya birliyi qeyd etdiyimiz məsələlərlə bağlı Birləşmiş Ştatlara heç bir səlahiyyət verməyib. ABŞ bu səlahiyyəti heç kimin razılığı olmadan mənimsəyib. 1998-ci ildə ABŞ Konqresi “Beynəlxalq din azadlığı haqqında” qanun qəbul etməklə Dövlət Departamentinə bu və digər ölkənin daxili işlərinə, dini durumuna burun soxmaq ixtiyarı verib. Entoni Blinken də məhz həmin qanuna istinad edərək əsl amerikansayağı riyakarlıqla iddia edir ki, dünyada din və əqidə azadlığının təbliğ və təşviq edilməsi ABŞ-ın xarici siyasətinin əsas prioritetlərindən, vəzifələrindən biri sayılır.

Beləliklə, ABŞ özünü “hakim” elan edib, ehkam kəsir, ayrı-ayrı ölkələrə dini siyasətlə bağlı dərs keçməyə çalışır. Lakin əsl həqiqətdə isə Antoni Blinkenin təqdim etdiyi hesabatların, siyahıların əsas məqsədi hər hansı bir ölkədə dini etiqad azadlığı ilə bağlı durumun yaxşılaşdırılması, pozuntuların qarşısının alınması deyil. Ağ Ev sadəcə olaraq sözügedən hesabatlardan və siyahılardan müxtəlif ölkələrə qarşı siyasi təzyiq, şantaj vasitəsi kimi istifadə edir.

ABŞ-ın özündə dini azadlıqlarla bağlı çoxlu problemlərin olduğu bir dövrdə bu ölkənin dövlət katibinin Azərbaycanı və bir çox başqa ölkələri bu azadlıqların pozulmasında ittiham etməsi absurddur. Bu baxımdan Blinkenin addımı həm təəssüf hissi, həm də acı gülüş doğurur. Müsəlman amerikalılara qarşı çoxlu məhdudiyyətlərin tətbiq olunduğu, diskriminasiyaların baş verdiyi bir ölkənin xarici siyasət idarəsinin rəhbərinin Azərbaycanda və digər müsəlman ölkələrində din azadlğının durumu ilə bağlı fikir səsləndirməyə mənəvi ixtiyarı yoxdur. Ümumiyyətlə, ABŞ özünü dünya jandarmı kimi aparmaq siyasətinə son qoymalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri